VEYPİNQ SƏBƏBİLƏ İLK AĞCİYƏR NƏQLİ HƏYATA KEÇİRİLİB

VEYPİNQ SƏBƏBİLƏ İLK AĞCİYƏR NƏQLİ HƏYATA KEÇİRİLİB

Bu il elektron siqaret, ya da belə deyək, “veyp” həvəskarları arasında müəmmalı xəstəlik yayılıb. ABŞ-da xəstəxanalara müraciət edən gənclər təngnəfəslikdən, sinədəki ağrılardan və ürəkbulanmadan şikayət ediblər. Həkim müayinəsi zamanı yanıq yerlərinə oxşar izlər aşkarlanıb. Hazırda xəstəliyin səbəbi kimi veypinq üçün nəzərdə tutulan mayenin tərkibindəki yapışqan maddə göstərilir. Bu yaxınlarda Amerikanın Miçiqan ştatında Henri Ford adına xəstəxanada ilk ağciyər nəqli həyata keçirilib. Əməliyyatın köməyi ilə 17 yaşlı yeniyetməni xilas etmək mümkün olub. Bu barədə “The Washington Post” məlumat verir.

Sentyabrın 5-i xəstəxanaya yerləşdirilən gəncin vəziyyəti 1 həftə sonra o qədər pisləşib ki, onu süni ağciyər aparatına qoşmaq lazım gəlib. Bir həftə sonra onu Miçiqanda yerləşən Uşaq Xəstəxanasına köçürüblər. Gəncin ürəyini və başqa orqanlarını işlək vəziyyətdə saxlamaq üçün aparata qoşublar. Həkimlər xəstəni ağciyər donorlarının siyahısına salmaq qərarına gəliblər. Oğlanın vəziyyəti ağır olduğu üçün siyahıda ilk sıralara düşüb. Nəhayət oktyabrın 15-i 6 saatlıq transplantasiya əməliyyatı keçirilib.

Əməliyyatı aparan cərrah Həsən Nemeh (Hasan Nemeh) 20 illik təcrübəsində bu qədər pis vəziyyətdə olan ağciyər görmədiyini deyib. Pasiyentin tənəffüs orqanı çapıqlar və ölü hüceyrələrlə örtülü olub. Cərrah və köməkçiləri ağciyəri döş qəfəsindən çıxaranda çətinlik çəkiblər. Bu hadisə xüsusən yuxarı sinif şagirdləri arasında populyar olan veypinqin çox təhlükəli olduğunu xatırladıb. Hal-hazırda 200 xəstəlik halı qeydə alınıb. Onlardan təxminən 40-ı ölümlə nəticələnib.

Xəstəxananın nümayəndələri pasiyentin və valideynlərin adını açıqlamayıblar. Lakin onlar yeniyetmənin qohumlarının sözlərini çatdırıblar. Belə ki, ailəsi gəncin sağlam olduğunu, idmanla məşğul olduğunu deyiblər. Pnevmoniya əlamətləri ilə xəstəxanaya müraciət edən şagirdin vəziyyəti kəskin pisləşib. Ailə üzvləri ümid edir ki, baş verən hadisə bir daha veypinqin təhlükəli olduğunu göstərəcək.

Əməliyyatın üstündən təxminən 1 ay keçib. Pasiyentin vəziyyəti yaxşılaşmağa doğru gedir. Cərrah Həsən Nemeh, öz növbəsində, qeyd edib ki, veypinqin səbəb olduğu ölüm hallarının qarşısını almaq mümkündür. Onun sözlərinə görə, müasir gənclərin bu mənasız məşğuliyyəti ilə mübarizə aparmaq lazımdır. Yeri gəlmişkən, alimlər yuxarıda qeyd edilən maddənin təsirini ətraflı araşdırmalıdır. Veypinq mayesinin qatılaşdırıcısı kimi istifadə edilən bu maddə uzun müddət ağciyərdə qala bilir.

Mənbə: www.xpressa.net