UNEC-də tədbir: İmadəddin Nəsimi şeirlərində folklor qaynaqları

UNEC-də tədbir: İmadəddin Nəsimi şeirlərində folklor qaynaqları

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dahi Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti tədbir keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir “İmadəddin Nəsimi şeirlərində folklor qaynaqları” mövzusunda olub.

Tədbiri giriş sözü ilə açan Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını Nəsimi irsinə, milli mədəniyyətimizə, ümumilikdə klassik ədəbiyyatımıza dövlətimiz tərəfindən verilən böyük önəmin göstəricisi adlandırıb. M.Əhmədov görkəmli şairin yubileyi münasibətilə keçirilən elmi-nəzəri seminarın çox böyük əhəmiyyət daşıdığını, tələbələrin mənəvi tərbiyəsində xüsusi rol oynadığını bildirib.

Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli Nəsimi yaradıcılığı barədə fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb. O bildirib ki, ümummilli lider Heydər Əliyev Nəsimi irsinə həmişə böyük qayğı ilə yanaşıb, onun tapşırığı ilə Bakıda dahi şairin heykəli ucaldılaraq, 600 illik yubileyi təntənə ilə qeyd edilib. Xalqımızın milli mədəniyyətinə, ədəbiyyatına olan diqqət və qayğı bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Fəridə Əzizova “Nəsimi və qədim ərəb şeiri” mövzusunda çıxış edib. Bildirib ki, Yaxın Şərq ədəbiyyatındakı humanist ideyaları davam və inkişaf etdirən böyük sənətkar Nəsimi insana, insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamını tərənnüm edərək, şeirlərində insanı həyatın yaradıcısı, həyati gözəlliklərin əsil mənbəyi kimi vəsf edib.

Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırova isə “Bədii ədəbiyyatda Nəsimi” mövzusunda çıxış edib.

Tədbirin sonunda müəllim və tələbələrə Nəsimiyə həsr edilmiş kitablar hədiyyə olunub.

Mənbə: azertag.az