Yalnız Aşıq Şəmşirin varisi deyil, Azərbaycan saz-söz sənətinin təəssübkeşi...

Yalnız Aşıq Şəmşirin varisi deyil, Azərbaycan saz-söz sənətinin təəssübkeşi...

Saf havası, sərin suları, yaşıl donlu yal-yamacı, şəfa mənbəyi İstisuyu, nəğməkar, bəstəkar Xan Tərtəri, əzəmətli Dəlidağı, Murovu, quşqonmaz qayaları, Səməd Vurğunun vəsf etdiyi “kəklikli daşları”, keçilməz bənd-bərəsi, gədiyi, aşırımı, yeraltı, yerüstü sərvətləri ilə cənnətin özü olan Kəlbəcər həm də mənəviyyat beşiyidir.

Kəlbəcərin mənəviyyat sərvəti sayılan kişilərdən biri də Qənbər Şəmşiroğludur... 16 noyabr 1933-cü ildə - qızılı bir payız günündə sazın-sözün beşiyi olan Ağdabanda, sazın-sözün zirvəsi Dədə Şəmşirin ailəsində nur üzlü bir oğlan uşağı dünyaya gəldi... “Ustad oğlu şəyird olmaz”- deyərlər. Ustad oğlu kimi böyüdü Qənbər Şəmşiroğlu! Gənclik illərindən başlayaraq nəslinə, soy-kökünə, elinə-obasına, yurduna şan-şöhrət gətirdi. Ağdam İkiillik Müəllimlər İnstitutunu, Azərbaycan Pedoqoji İnstitutunu, Ali Partiya Məktəbini bitirdi. Uzun müddət məktəb direktoru, sonra Kəlbəcər Rayon İcraiyyə Komitəsinin sədri, Gədəbəy İcraiyyə Komitəsinin sədri, Gədəbəy və Kəlbəcər rayonlarının İcra Hakimiyyətinin başçısı kimi mühüm dövlət vəzifələrində işlədi. Respublika Ağsaqqallar Şurası, Azərbaycan Yazıçılar Birliyi kimi mötəbər təşkilatların üzvü oldu. Uzun müddət dövlət işində səmərəli fəaliyyətinə görə "Şərəf Nişanı" ordeni, "Əmək igidliyinə görə", "Əmək veteranı" medalı, 18 oktyabr 2011-ci ildə isə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi. Tutduğu mövqeyindən, daşıdığı vəzifələrdən asılı olmayaraq həmişə xalqın yanında oldu, el adamı kimi tanındı, çalışdığı vəzifələrə şöhrət gətirdi. Hələ gənc yaşlarından Qənbər Şəmşiroğlu ona tapşırılan vəzifələrin öhdəsindən ləyaqətlə gəlir, doğma Kəlbəcərin inkişafı üçün əlindən gələni, hətta əlindən gəlməyəni belə edirdi. Əslində isə doğma yurdun doğma insanları ilə birləşəndə, əl-ələ verəndə onun əlindən gəlməyən, bacarmadığı bir iş qalmırdı. Onun nəhayətsiz fəaliyyətinin bir dövrü də Gədəbəylə bağlıdır. Bir müddət Gədəbəy rayonuna rəhbərlik edən

Qənbər Şəmşiroğlu Kəlbəcərdə apardığı quruculuq işlərini, ata-babasından, soy-kökündən gələn xeyirxahlıq missiyasını burada da eyni şövqlə, eyni doğmalıqla davam etdirdi! Gədəbəylilər o illəri indi də unutmur və qədirşünaslıqla xatırlayırlar.

Dövlət vəzifələri, ictimai işlərlə yanaşı Qənbər Şəmşiroğlunun bir vəzifəsi, bir missiyası da atası - qüdrətli sənətkar, ustad Aşıq Şəmşirin ədəbi-bədii irsinin toplanması, tədiqiqi, nəşri məsələləri olub. Bu müqəddəs vəzifəni də qədirşünaslıqla yerinə yetirir Qənbər Şəmşiroğlu! Atası Dədə Şəmşirlə yanaşı, babası Ağdabanlı Şair Qurbanın, ulu babası Miskin Abdalın da irsinin yorulmaz təbliğatçısıdır. Bu fəaliyyəti ilə bir ömrə bir neçə ömür sığdırır Qənbər Şəmşiroğlu: Qurban ömrü, Şəmşir ömrü, Qənbər ömrü! Və eyni zamanda bu fəaliyyəti ilə bütünlükdə ozan-aşıq sənətinə, böyük sözə xidmət edir! O, bu məsələlərdə təkcə Aşıq Şəmşir ailəsinin varisi kimi deyil, ümumilikdə Azərbaycan ədəbiyyatının, saz-söz sənətinin təəssübkeşi kimi çıxış edir.

Kəlbəcər kimi əsrarəngiz gözəllikər diyarında, Dədə Şəmşirin ailəsində, saz-söz mühitində böyüyən Qənbər Şəmşiroğlu özü də əlbəttə ki, könlünü şeirə-sözə verməli idi! Uzun illər şeir yazmağını gizli saxlayıb Qənbər Şəmşiroğlu. Dədə Şəmşirdən sonra əlinə qələm almaq və şeir yazmaq məsuliyyətinin ağırlığı həmişə onu əhatə edib. Yazdıqlarını da gizli saxlayıb, uzun müddət çap da etdirməyib. Amma Məmməd Araz demişkən:

İstedad elə bir toxuma bənzər

Göyərər bir quru daş üstündə də!

Nə yaxşı ki, bu istedad göyərdi və artıq Qənbər Şəmşiroğlu imzası nüfuzlu qələm sahiblərinin, ədəbi mühitin tanıdığı, bəyəndiyi, qəbul elədiyi bir şair imzasıdır!

Qənbər Şəmşiroğlu yaradıcılığını mənsub olduğu nəslin, doğulduğu ailənin və eləcə də böyüdüyü mühitin ənənələrindən fərqləndirən bir cəhət də var. Bu ailədə, bu mühitdə çoxları şeir yazır, amma o, hamıdan fərqli olaraq həm də nəsr əsərləri - roman, povest və hekayələr də yazır. Onun “Caninin etirafı” romanı, "Tale oxşarlığı", "Bir gözəlin taleyi", "Adam kimi ölməyib", "Bütövləşmək istədim", "Qızlardan muğayat olun" povestləri və hekayə janrında qələmə aldığı əsərləri özünün orijinal təhkiyə üsulu, zəngin obrazlar sistemi və canlı xalq dilinin, xalq həyatının ədəbiyyata gətirilməsi baxımından olduqca maraqlıdır.

Publisist kimi də tanınır Qənbər Şəmşiroğlu! Onun ölkədə baş verən ictimai-siyasi hadisələrə həssas münasibətini ifadə edən məqalələri, eyni zamanda memuar xarakterli yazıları müasir publisistikamızın ən yaxşı örnəklərindəndir. Bu yazılarda təqdim olunan həyat həqiqətləri, insan xarakterləri, tarixi sənədlərin işığında verilən faktlar gələcək nəsillər üçün qiymətli bir mənbədir.

Bu gün yaradıcılıqla yanaşı ictmai fəaliyətini də davam etdirir Qənbər Şəmşiroğlu! Onun rəhbərliyi, ağsaqqallığı ilə yaradılan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edir. Milli mədəniyyətimizi, mədəni incilərimizi, adət-ənənələrimizi, aşıq sənəti, folklor və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırmaq istiqamətində misilsiz işlər görür. Qənbər Şəmşiroğlu bu müqəddəs ocaqda ata-babasından gələn xeyirxahlıq missiyasını şərəflə davam etdirir, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, tələbələrə öz diqqət və qayğısını əsirgəmir.

Ömrünün müdriklik çağlarında içində Kəlbəcər nisgilini yaşadır Qənbər Şəmşiroğlu! Kəlbəcərin işğal olunduğu ağır günlərdə eli-obanı öz başına yığıb, onlara hayan durduğu kimi, bu gün də bu böyük bir mahalın qayğılarını çiynində daşıyır, torpaqlarımızın işğaldan azad olunacağı günü ən müqəddəs gün kimi gözləyir! Qarış-qarış gəzdiyi Kəlbəcər, doğulduğu kənd, Ağdaban faciəsi, babası Şair Qurbanın, atası Dədə Şəmşirin odlara qalanan əlyazmaları gözünün önündən getmir. Şəhid bacısı Çimnaz xanımın, Ağdabanda, Kəlbəcərdə, Qarabağda qanına qəltan edilən soydaşlarının intiqamının alınacağı günü səbirsizliklə gözləyir.

Böyük bir elin yolgöstərəni, ağsaqqalı olan Qənbər Şəmşiroğlu həm də böyük bir ailənin başçısıdır. Azərbaycana beş nümunəvi övlad bəxş edib. Yüksək dövlət vəzifəsində çalışdığı illərdə iki oğlu ön cəbhədə döyüşlərdə iştirak edib. Qənbər müəllim bu gün də nəvə-nəticələrini vətənpərvərlik, dövlətçilik ruhunda böyüdür. Övladlarının, nəvələrinin işğaldan azad ediləcək Kəlbəcərin quruculuğunda iştirak edəcəyi günlərin uzaqda olmadığına da əmindir Qənbər Şəmşiroğlu!

Səksən beşə əlvida, səksən altıya salam deyən Qənbər Şəmşiroğluna Ulu Tanrıdan daha uzun və sağlam, gümrah ömür diləyirəm. Yeni yaşınız mübarək, aqibətiniz xeyir olsun, əziz Qənbər müəllim!

 

Ələmdar CABBARLI

Filologiya üzrə fəlsəfə doktoru,

Bakı Dövlət Universitetinin dosenti

Mənbə: moderator.az