Narkotik satmaq istəyən Şəkiyə gəlsin: Rayon əhalisi də şokda, polis-prokurorluq da...

Narkotik satmaq istəyən Şəkiyə gəlsin:  Rayon əhalisi də şokda, polis-prokurorluq da...

Narkomaniyanın böyük bəla olduğunu kim bilmir ki? Bu barədə çox deyilib, çox yazılıb. Cəmiyyətdə hamı bir nəfər kimi bu bəlaya qarşı mübarizə aparmalıdır, heç kəs bağışlanmamalıdır. Amma, bu yaxınlarda Şəki Məhkəməsinin çıxardığı qərarla hamını təəcübləndirməyi bacarıb.

Belə ki, Rusiya Federasiyasında anadan olan, hazırda rayonun Böyük Dəhnə kəndində yaşayan Fərhad Qəhrəmanov adlı birisinin məhkəmə zalından azadlığa buraxılması hadisədən xəbəri olanlarda qəribə hislər yaradıb.

Fərhad Qəhramanov kimdir? Evində 325 qram çəkidə narkotik vasitə olan qurudulmuş mariuxananı saxlayan, həmin narkotik vasitənin 0, 98 qr hissəsini 20 manata öz həmkəndlisi Zahid Qasımova satan bir şəxs.

Bu faktı Şəki ŞRPŞ-nın Sarıca polis bölməsinin əməkdaşları əməliyyat keçirərkən müəyyən ediblər.

Fərhadın evində gizlətdiyi 324 qram narkotik maddəni aşkar edərək götürülmüş fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2 maddələri ilə cinayət işi başlanıb.

Göründüyü kimi hər şey açıq və hər şey aydındır. Odur ki, Fərhad Qəhramanova göstərilən maddələr üzrə ittiham elan edilib və barəsində 3 ay həbs qəti imkan tədbiri seçilməsi məqsədilə Şəki prokurorluğu vasitəsilə rayon məhkəməsinə təqdimat verilib.

Elə buradaca çox təəsüflə bildirməliyik ki, Şəki rayon məhkəməsinin hakimi Pərviz Hacıyev neçə -neçə gənci zəhərləyən, onların həyatı üçün təhlükə yaradan Fərhad Qəhrəmanovu həbsdən azad edərək onun barəsində ev dustaqlığı qəti imkan tədbiri seçib. Rayon prokurorluğunun apellasiya protesti verməsinə baxmayaraq Şəki Apellasiya Məhkəməsinin hakimi Akif Eyvazov da bu qərarı qüvvədə saxlayıb.

Maraqlıdır, görəsən hər iki hakim bu qərarı qəbul edərkən onun nə qədər təhlükəli olduğunun fərqinə varıbmı?

Onlar başqalarının deyil, elə kənd sakinlərinin ədalət məhkəməsinə olan inamlarının qırılmasını gözlərinin qarşısına gətiriblərmi ?

Bu yerdə Şəkidə ağsaqqal bir kişinin yarızarafat yarıgerçək dediyi sözləri xatırlatmaq yerinə düşər:

“Oğul, narkotik satanlara deyin ki, heç yara yox, Şəkiyə gəlsinlər. Heç nədən çəkinib qorxmasınlar, rahat sata bilərlər, polis tutsa da məhkəmə açıb buraxacaq...”

Mənbə: moderator.az