Üç ölkənin Nil üzərindəki mübahisəli su anbarına dair növbəti görüşünün tarixi məlum olub

Üç ölkənin Nil üzərindəki mübahisəli su anbarına dair növbəti görüşünün tarixi məlum olub

Misir, Efiopiya və Sudan arasında An-Nahda su anbarı ilə bağlı müzakirələrin növbəti mərhələsi 2-3 dekabr tarixlərində Qahirədə baş tutacaq.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir İrriqasiya və Su Resursları Nazirliyi məlumat yayıb.

Dünən Ədis-Əbəbədə 4 mərhələli müzakirənin birinci mərhələsi başa çatıb. Üç ölkə arasında görüşlərdə vasitəçilik missiyasını ABŞ və Dünya Bankı yerinə yetirir. Efiopiya tərəfi Ədis-Əbəbədə keçirilən görüşdə su anbarının doldurulması və istifadəyə verilməsi məsələsini müzakirəyə çıxarıb.

Qeyd edək ki, Efiopiya 2012-ci ildən Mavi Nil çayı üzərində An-Nahda su anbarının tikintisinə başlayıb. Ekspertlər bu su anbarının çayın aşağı axarında yerləşən Sudan və Misirdə su çatışmazlığına yol açacağı qənaətindədir. Tikinti başladığı dövrdən ötən müddət ərzində üç ölkə su resurslarının bölgüsü və su anbarının istifadəyə verilməsi ilə bağlı məsələlərin tənzimlənməsi üçün 10-dan artıq görüş keçirib, ancaq fikir ayrılıqları hələ də qalmaqdadır. Bu il oktyabrda keçirilən görüşün nəticəsiz başa çatmasından sonra Misir beynəlxalq ictimaiyyəti mübahisəli su anbarı ilə bağlı məsələdə vasitəçilik etməyə çağırıb. Vaşinqton bu çağırışa cavab verib, hər üç ölkənin təmsilçilərini ABŞ-da danışıqlar aparmağa dəvət edib. Belə bir görüş noyabrın 6-da təşkil olunub. Həmin görüşdə tərəflər 15 yanvar 2020-ci ilə qədər müzakirələr aparmaq və yekun razılaşma əldə etmək barədə razılığa gəliblər.

Mənbə: apa.az