Moskvadakı hipermarketdə “Azərbaycan töhfələri” korneri açılıb

Moskvadakı hipermarketdə “Azərbaycan töhfələri” korneri açılıb

Moskvadakı “Tvoy dom” hipermarketində “Azərbaycan töhfələri” korneri açılıb.

AZƏRTAC xəbər verir ki, Moskvanın Kuntsevo rayonundakı “Veqas” ticarət-əyləncə mərkəzində yerləşən “Tvoy dom” hipermarketində “Azərbaycan töhfələri” korneri açılıb. Kornerin stendində “Made in Azerbaijan” brend məhsullarının geniş spektri təmsil olunub.

Açılış mərasimində Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev çıxış edib. Moskvanın böyük hipermarketlərin birində belə bir korner yaradılmasının əhəmiyyətini vurğulayan R.Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq Azərbaycanda istehsal edilən məhsulların coğrafiyasının genişləndirilməsi, habelə “Made in Azerbaijan” brendinin xaricdə təbliği üzrə tədbirlər həyata keçirilir.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi xatırladıb ki, keçən il Moskvadakı Tverskaya meydanında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Moskva hökuməti tərəfindən “Azərbaycanın payız töhfələri” adlı festival böyük uğurla keçib. 70 minə yaxın moskvalı və Rusiya paytaxtının qonaqları bu şəhərcikdə olublar. 2019-cu ildə isə Rusiyada “Azərbaycan töhfələri” adlı bir neçə konseptual mağaza açılıb. R.ƏIiyev “Tvoy dom” hipermarketində Azərbaycan guşəsinin təşkilinə göstərilmiş köməyə görə “Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarovun şəxsində bu şirkətin rəhbərliyinə təşəkkürünü bildirib.

“Tvoy dom” ticarət mərkəzləri şəbəkəsinin icraçı direktoru Şamil Muradov qeyd edib ki, Azərbaycan töhfələri” kornerinin açılması “Crocus Group” üçün əlamətdar hadisədir. Ş.Muradov deyib: “Bizim şirkət üçün və bir azərbaycanlı kimi şəxsən mənim üçün Azərbaycan məhsullarını təqdim etmək çox xoşdur. Azərbaycan qonaqpərvər ölkədir və əminəm ki, ölkəmizdə olan hər kəs bu məhsullara xas olan emosiyaları və onların dadını hiss edib. Bizim hipermarketdə bu kornerin yaradılması ilk addımdır və mən əminəm ki, əməkdaşlığımız davam edəcək”.

Sonra “Azərbaycan töhfələri” kornerindən malların elektron satışı başlanıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az