Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız

Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda mənən şəhid olanlardandır. Lent.az -ın “Şəhid ziyalılarımız” layihəsində budəfəki qəhrəmanım həmkarımız Alı Mustafayevdir.

Nə yaxşı dünyada müqəddəs vətən
Nə yaxşı müqəddəs and yerimiz var.
Yox-yox, acımıram bu ölümə mən,
Namuslu oğullar şəhid doğular...

Bu şeiri 20 Yanvar şəhidlərinə həsr etmişdi. Tez-tez Şəhidlər Xiyabanına gedib, onları ziyarət edərdi. Şeir də belə ziyarətlərin birində elə orda doğulmuşdu. Bir ayağı Qarabağda idi. İnsan tutduğu yolun onu hara apardığını bilib gedir...

- Papağını götürmüsən, Alı? Oralar dağ yeridir, soyuq olur ha...
- Hə, narahat olma, üstümdədi...
- Saçların dağınıqdı, darağını götürmüsən?
- Darağı neynirəm, saçım var ki? – deyib, ucadan güldü və getdi...papağının arxasınca...

Görünür, getdiyi yerin təhlükəsindən yaranan gərginliyi götürmək üçün deyib bu sözü. Azərbaycanın sayılıb-seçilən ziyalıları, dövlət rəsmiləri ilə vertolyotla Qarabağa, Qarakəndə gedirdi. 1992-ci ilin noyabr ayı idi. Alı o vaxt Azərbaycan Televiziyasında çalışırdı. Alı Mustafayev - bu imzanı tanımayan olmazdı.

1952-ci ilin yazında, aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində dünyaya göz açıb Alı. O vaxtın bütün sadə kolxozçu ailələrində olduğu kimi, uşaq bolluğu idi onlarda da - 2 qardaş, 6 bacı idilər. Alıya ata babasının adını qoymuşdular. Qardaşının adı Mahmud idi, o da ana babasının adını daşıyırdı.

Bütün ailə əməyə qatlaşırdı. Ailəliklə, böyüklü-kiçikli pambıq yığmağa gedəndə Alı heç özünü işə verməzmiş. Bacıları danışırlar ki, hamının yığdığı pambıqdan götürüb, öz torbasına yığıb, çıxarmış aradan. Bunu bacıları ona bağışlayırdı, amma cəmi bir yaş ondan böyük qardaşı ilə tez-tez tutaşırdılar belə şeylərin üstündə. Ata-anası isə baxıb, qımışırmışlar. Görünür, onların həyat təcrübəsi xarakterin belə məqamlarda büruzə verdiyini bilməyə əsas verirmiş. Bütün bu əzablı, amma deyə-gülə xoşbəxt keçən günlərin birində ailənin böyüyü dünyasını dəyişib. “Atasızlıq, böyük ailənin başsız qalması elə bil hamıdan çox həmin, iş çətinə düşəndə aradan çıxan Alının çiyinlərinə endi” – deyə böyük bacısı Tükəzban kövrəlir:

“Birdən-birə kişiləşdi. Mahmud əsgərlikdəydi. Alı anamla fermada işləyirdi. Gecə saat 3-də evə gəlirdi. Səhərə kimi də kitab oxuyurdu. Sonra Bakıya gəldi, indiki İncəsənət Universitetinə qəbul olundu. Bir ilə qədər aktyorluq fakültəsində oxudu”.

Orta məktəbdə oxuyanda müxtəlif tədbirlərdə çıxış etməsi onun yaradıcı insan olmasından xəbər verib. Alı özü də elə bilib ki, bu yaradıcılıq aktyorluq bacarığıdır, amma bir il oxuyandan sonra anlayıb ki, o deyil. Atıb o fakültəni ki, məndən aktyor çıxmaz. Bir müddət də zavodda tokar işləyib. Nəhayət, növbəti il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub.

Tələbə bacıları ilə bir yerdə kirayədə qalırdılar. Mahmud qardaşları da hər ay onlara pul göndərirmiş. Alı deyirmiş ki, işləyib qardaşımın pullarının hamısını qaytaracam.

Elə ilk kurslardan Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləməyə başlayıb. Mətbuatda yazıları, şeirləri ilə də çıxış edirdi. Ədəbi-bədii yaradıcılığa da tələbəlik illərindən başlamışdı. Yerinə düşmüşdü. Publisistikası, şeirləri, Azərbaycan Televiziyasında hazırladığı reportajlar, “Günün ekranı”nda gedən süjetləri onu tamaşaçıya, oxucuya çox tez tanıtdırdı. Çünki bunların hamısında özünəməxsusluq vardı. Alı Mustafayev falşı sevməzdi, onun dövrünün jurnalistikası yalnız fakta, düzgünlüyə əsaslanardı. Bu, Alının da dəsti-xətti idi – yalnız həqiqəti yazmaq. Bir də ki, kamerada insanın simasından onun içini bəyan edən qəribə bir xüsusiyyət var. Kameranın gözündən heç nə yayınmır, tamaşaçıya göstərir insanı - onun qəlbinin dərinliklərinə qədər göstərir. Alı Mustafayev hazırladığı reportajlarda, süjetlərdə içindən ələn səmimiyyəti ilə özünü sevdirmişdi ona baxanlara.

Bacısı danışır: “Bir dəfə anam ona dedi ki, özünə bir qız seç eldən-obadan, elçi gedib alaq, evlən. “Yaxşı, ana”, - dedi, - “amma sizə Abşeron Laləsi gətirəcəm”. Əvvəl ana bir nəsnə anlamasa da üzə vurmur. Çox keçmir, Alı Laləni böyük bacısıgilə qonaq gətirir.

Lalə ilə bir qrupda oxuyurdular. Elə birinci kursdan Alı onu seçib. Yazdığı şeirləri də birinci Laləyə oxuyarmış. Lalə də o şeirləri aparıb evdə oxuyurmuş ki, görün, qrup yoldaşım nə gözəl şeirlər yazır. Lalənin anası qızının sevgisindən xəbər tutanda deyir ki, o şeirlərin bir səbəbi olduğunu anlamışdım.

Lalə ziyalı ailədə böyümüşdü. Anası onu rayon oğlanına vermək istəmirmiş. Deyirmiş ki, rayonlular qonaq gələndə getmək bilmirlər, Lalə isə doğma qardaşının onun otağına girməsindən narahatlıq keçirən qızdır: “Tünlüyə öyrəşməyib, siz də altı bacısınız, hərəniz bir dəfə gələcəksiniz, sizinlə baş çıxarmaz ”- deyə Alının onlara elçi gələn bacılarına bəyan edib.

Alı eyvanın altında gözləyirmiş. Bacısına deyib ki, sizi döyəsi olsalar, eyvandan mənə elə eləyin. Qızlar naümid qayıtsalar da Alı sevdasından əl götürməyib. Universitet müəllimlərindən rəhmətlik Famil Mehdi gənclərin köməyinə gəlib. Onun elçi getməsi ilə Lalənin atası, anasının dediyi kimi, “evsiz-eşiksiz rayon oğluna” qızı ilə evlənməyə razılıq verir.

Sonralar Lalənin anası Əzizə xanım – heç bilməzdim ki, Alını bu qədər çox sevəcəm - deyə etiraf edəcəkdi.

Tale elə gətirmişdi ki, tələbəliyin çətinliklərindən çıxıb əlləri çörəyə çatan gənclərin həyatına ölkənin qayğısı çökdü. Alı Mustafayev. 1989-1990-cı illərdə Moskva şəhərində Azərbaycan SSR Ali Soveti tərəfindən parlament müxbiri idi.

Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xalqın rəğbətini qazanmışdı. Tamaşaçı ekran qarşısında onun reportajlarını gözləyirdi.

1991-ci ilin 18-19 noyabrında erməni quldurlar Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri eşidən Alı Mustafayev bütün gecəni yata bilmədi. Səhəri iş yeri olan Azərbaycan Televiziyasına gəlib təcili Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürdü.

Axşam evdə isə gedə bilməyəcəyini demişdi. Demişdi ki, verilişi montaj etməliyəm, özüm yazmalıyam səsi, getməyəcəm heç yerə.

Həyat yoldaşı Lalə xanım danışır ki, o gecə ona iki zəng gəlib - biri Osman Mirzəyevdən, ikincisi Tofiq İsmayılovun özündən. O zənglərdən sonra getmək qərarı verib. 1991-ci il 20 noyabrda Qarakənd üzərində partladılan, yandırılan, hələ də qara qutusu açılmayıb, olanların qaranlıq qaldığı, 22 nəfər mülki şəxsin, dövlət və ictimai xadimin məhv edildiyi vertolyotda onunla birgə Azərbaycanın baş prokuroru İsmət Qayıbov, millət vəkilləri Məhəmməd Əsədov, Vaqif Cabbarov, Vəli Məmmədov, dövlət katibi Tofiq İsmayılov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, video operator Fəxrəddin Şahbazov, Azərbaycan Televiziyasının işıqçısı Arif Hüseynzadə, Saylau Serikov (Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini), İqor Plavski (Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru) də vardı.

Bacısı Tükəzban danışır ki, o gecə yuxumu qarışdırmışdım, zəng edib Lalədən soruşdum, dedi Qarakəndə gedib vertolyotla, çox narahat qaldım.

Alı Mustafayev o günə qədər iki dəfə vertolyot qəzasına düşmüşdü. “Günün ekranı” xəbərlər proqramında müxbir olanda pambıq yığımı zamanı rayonları gəzərkən vertolyot qəzası keçirmişdi, vertolyot qarışıq suya düşmüşdülər. Həmin qəzadan sonra Alı ağır xəstələnib, ikitərəfli sətəlcəm olub, uzun müddət buna görə müalicə olunub. İkinci vertolyot qəzası aprelin 3-də yenə Qarabağda olmuşdu. Vertolyotda olanlar “Bu gün bizim yenidən doğum günümüzdür və bu günü hər zaman qeyd edəcəyik ”- deyə and içmişdilər.

Bu səfər əslində humanist xarakterli səfər idi. Sülhməramlıların görüşündən sonra saat 16.00-da geri qayıtmalı idilər. Görüş bitəndə başıalovlu insanlar onların üstünə gəliblər ki, siz gəlib görüş keçirib geri qayıdırsınız, ancaq burda insanlar ölür, kəndlər yandırılır, insanlar naəlacdılar, onlarla görüşmək lazımdır. Heyət vertolyota minib həmin yerə gedir, vertolyot vurulur. Sonradan məlum oldu ki, onlar çox faciəli şəkildə yandırılaraq öldürülüb.

Baxıram dünyanın bu gərdişinə,
Dəli bir ağlamaq keçir könlümdən.
Fələk rəvac verdi namərd işinə.
Dəli bir ağlamaq keçir könlümdən.

Bacısı danışır ki, Alı el üçün özünü fəda edən idi. Baxmazdı, qohumdu-yaddı, eşidəndə ki, kimsə kənddən xəstəxanada yatır, onun yanına gedərdi.

Torpaqda haqqı var axan qanın da,
Bir nərin qolları düşüb yanında,
Müqəddəs Şəhidlər Xiyabanında,
Dəli bir ağlamaq keçir könlümdən.

“Hər bayramda ayaqüstü də olsa, bizi təbrik eləyərdi. Hamının könlünü almağı bacarırdı. Üzünü görmürdük. Qaradağa getməsə, İrana səfəri vardı, ora gedəcəkdi. Amma inciyə bilmirdik ondan. Birdən elə qapıdan başını içəri salardı: Sağ-salamatsınız? – soruşub, gedərdi. Zarafatla adını "salam-sağ ol" qoymuşduq”.

Yanmadım ömrümdən keçən illərə,
Baxıb məzarımda solan güllərə,
Söykəyib üzümü qərənfillərə,
Dəli bir ağlamaq keçir könlümdən.

Lalə xanım: “Xəbərlərin getdiyi saatda suyu vermişdilər, o vaxt saatla verilirdi su. Tez uşaqları hamama saldım. Evə ard-arda telefon zəngləri gəlməyə başladı. Hamı hal-əhval tuturdu. Zənglər o qədər çox oldu ki, artıq şübhələndim, televiziyaya zəng vurdum. Dedilər, narahat olma. Oturub növbəti xəbərləri izlədim, Rafiq Hüseynov xəbərləri oxuyurdu, hadisə haqqında ordan öyrəndim”.

Xəbəri eşidən kimi üzbəüz evdə yaşayan qonşuya qaçdım. Münasibətlərimiz yaxşı idi, ayrı-ayrı ünvanlarda yaşasaq da elə indi də münasibətlərimiz davam edir. Qulaqlarıma inana bilmədim, qonşuya qaçdım ki, görüm mən doğru eşitmişəmmi? Onlar mat-mat üzümə baxdılar. İnanın ki, evə qayıtdığımda evimi insanlarla dolu gördüm. Beş-altı dəqiqə içində o qədər insanın ora necə gəldiyini anlaya bilmədim. Bir də onu gördüm ki, kimsə dolabdan ağ mələfə çıxarıb mebelin, güzgünün üstünü örtür. Hələ də nə baş verdiyini anlaya bilmirdim, şok vəziyyətində idim”.

Dünyanın sükutu bu daş qəfəsdə,
Köksümdə qövr edib hıçqıran səsdə.
Toy libası geymiş bu qəbrin üstə,
Dəli bir ağlamaq keçir könlümdən.

Mənası bir imiş toyun, yasın da,
Bu qara zülmətin, ağ libasın da.
Durub haqq evinin astanasında
Dəli bir ağlamaq keçir könlümdən.

Lalə xanım da Alı ilə birgə televiziyada işləyirdi. Uşaqlar dünyaya gələndən sonra işləyə bilməyib. Üç oğlan uşağı ilə məşğul olan lazım idi, həm də ata evdə tapılmırdı.

Alı Mustafayevin vaxtsız faciəli vəfatından sonra Lalə xanım yenə işləməli olub. Sonra da elə işi ilə əlaqədar Türkiyəyə köçüb. Üç oğlunu da orda böyüdüb, oxudub, artıq nənədir.

Bu qəlbim ovunmaz sınıq saz kimi,
Dərd də gülə-gülə gəldi, yaz kimi ,
Allaha, Tanrıya etiraz kimi
Dəli bir ağlamaq keçir könlümdən.

O faciədə dünyasını dəyişənlərin hamısı Fəxri Xiyabanda dəfn olunub. Təkcə Alı Mustafayev Şəhidlər Xiyabanında uyuyur. Xanımının istəyi ilə.

“Qəza baş verəndən sonra mənə çox müraciətlər oldu, dəfələrlə evimizə ayrı-ayrı təşkilatlardan gəldilər. Prezident Aparatından da, televiziyadan da müraciət edib soruşdular ki, harada dəfn edək. Mən də Şəhidlər Xiyabanında dəfn edilməsini istədiyimizi bildirdim. Mənə dedilər ki, onların Fəxri Xiyabanda dəfn olunmasına göstəriş verilib. O zaman rəhmətlik atam və bəzi qohumlarımız da mənim fikrimi dəstəklədilər, bunlar öz əcəlləri ilə ölməyib ki, Fəxri Xiyabanda dəfn olunsunlar, bunlar şəhid olub dedilər.

Salatın Əsgərova şəhid olanda Alı çox məyus olmuşdu. “Nəyə görə qeyrətli Azərbaycan qızını öldürdülər, nəyə görə mənim bacımı öldürdülər” - deyirdi. Düşündüm ki, əgər Alı Salatına bacım deyirdisə, nəyə görə qardaşı onun yanında dəfn olunmasın. 20 Yanvar zamanı Alı məzar qazanlarla bərabər şəhidlərimizə məzar qazırdı, onlar üçün gecə-gündüz ağladı, 40 gün saqqal saxladı. İnsanlara yanlış məlumatlar vermək lazım idi deyə çox vaxt işə getmədi, çünki Alı yalan məlumat vermək istəmirdi. Şəhriyar adına Mədəniyyət evindən cənazələr götürüləndə belə məndən xahiş etdilər ki, izn verin, Fəxri Xiyabanda dəfn edək, bütün xalq oradadır. Amma mən razı olmadım, istədim ki, Alı 20 yanvar şəhidləri üçün, Salatın üçün göz yaşı tökdüyü yerdə yatsın”.

Yaşamaq istəyirəm axan bir bulaq kimi,
Yaşamaq istəyirəm gül açan torpaq kimi,
Yaşamaq istəyirəm yer üzündə haqq kimi.
Görən hansı yaxşıdır,
Dağ kimi uca olmaq, yoxsa dəniztək dərin?
Bir də nə fərqi var ki,
Ürəyində bəşərin yaşamaq istəyirəm.

Yaşayır indi ürəklərdə. O vaxtdan onu tanıyanların, sevənlərin – bəşərin ürəyində yaşayır Alı Mustafayev. Hələ də 39 yaşında.

***

- Papağını götürmüsən, Alı? Oralar dağ yeridir, soyuq olur ha...
- Hə, narahat olma, üstümdədi...
- Saçın dağınıqdır, darağını da götürdün?
- Darağı neynirəm, saçım var ki? - deyib, ucadan güldü... və getdi...

Mənbə: lent.az