Xəzər rayonu ilə Nanşa rayonu arasında anlaşma memorandumu imzalanıb

Xəzər rayonu ilə Nanşa rayonu arasında anlaşma memorandumu imzalanıb

Bakının Xəzər rayonu ilə Çin Xalq Respublikasının Quancou şəhər Bələdiyyəsinin Nanşa rayonu arasında əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı və Çinin Nanşa rayonunun meri Don Kı imzalayıblar.

Memorandum yerli icra orqanları və biznes dairələri arasında əlaqələrin təşviqini nəzərdə tutur. Sənədə əsasən, Xəzər və Nanşa rayonları iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, turizm və ətraf mühitin qorunması kimi sahələrdə təcrübə mübadiləsinin təşviqi sahəsində də əməkdaşlıq edəcəklər.

Videokonfrans formatında keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı imzalanan sənədin əhəmiyyətini, Azərbaycan və Çin arasında əlaqələrin inkişafının hər iki ölkədə yüksək qiymətləndirildiyini qeyd edib. Bildirilib ki, imzalanan memorandum Xəzər və Nanşa arasında əməkdaşlığın gücləndirilməsinə xidmət etməklə yanaşı, ikitərəfli əlaqələrə də töhfə verəcək. Azərbaycan Prezidentinin 2019-cu ildə Çinə səfərini və bu ilin iyun ayında iki ölkənin rəhbərləri arasında baş tutan telefon danışığını xatırladan səfir bunun iki ölkə arasında yüksək səviyyəli dialoqun göstəricisi olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın uzun müddət Xəzər rayonunu Milli Məclisin deputatı kimi parlamentdə təmsil etdiyini və məhz onun diqqəti sayəsində rayonda çoxsaylı layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu bu gün də Xəzər rayonu ərazisində sosial, mədəniyyət, təhsil və digər sahələrdə layihələr həyata keçirir.

Çin Kommunist Partiyası Quancou Bələdiyyə Komitəsinin Daimi Komitəsinin üzvü, Çin Kommunist Partiyası Nanşa Rayon Komitəsinin katibi Lü Yisian imzalanan memorandumun iki ölkə arasında etibarlı tərəfdaşlıq əlaqələrinin inkişafına yeni stimul verəcəyinə, uzunmüddətli əməkdaşlıq üçün başlanğıc nöqtəsi olacağına ümidvar olduğunu vurğulayıb. Bu il iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsinin vacibliyinin vurğulandığını xatırladıb. Qeyd edib ki, Nanşa Quandon-Honkonq-Makao Böyük Körfəz ərazisinin coğrafi mərkəzindədir. 2017-ci ildən Quancounun yardımçı mərkəzi və HAB-ı kimi fəaliyyət göstərir. Nanşa limanı humanitar yüklərin daşınması göstəricilərinə görə dünyada ikinci yerdədir. Hazırda Nanşa rayonunun əhalisinin 1,1 milyon nəfərə yaxın olduğunu, yaxın gələcəkdə bu göstəricinin 3 milyon nəfərə çatdırılmasının gözlənildiyini bildirib.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, Xəzər rayonunda respublikada ilk dəfə yaradılan və idxalı əvəz edən istixana konstruksiyaları və qida sənaye avadanlıqları istehsalı zavodunun məhsulları yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlüdür. Qeyd edib ki, rayonun istehsal müəssisələrinin fəaliyyəti respublikanın daxili tələbatının ödənilməsində, regionların sənaye potensialının reallaşdırılmasında və investisiya cəlbediciliyinin artırılmasında, həmçinin yeni iş yerlərinin yaradılmasında xüsusi əhəmiyyət kəsb edir.

14 saylı Xəzər seçki dairəsindən Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov memorandumun Azərbaycanla Çin arasında bağları daha da möhkəmləndirəcəyinə, daha yaxşı ənənələr miras qoymağa imkan yaradacağına əmin olduğunu diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev Fondu bir çox ölkələrdə dünya mədəni irsinin qorunmasına, sivilizasiyalararası dialoqun dərinləşməsinə xidmət edən unikal layihələr reallaşdırıb. Fond tərəfindən Azərbaycanla Çin arasında mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edən uğurlu addımlar atılıb. Xəzər rayonunun dörd fərqli məktəbində “Çin mədəniyyəti otaqları”nın yaradıldığını, Binə qəsəbəsində və Sabirabad şəhərində fəaliyyət göstərən məktəblərdə müasir görünüşlü idman meydançalarının qurulduğunu qeyd edən Soltan Məmmədov bu layihələrin əhəmiyyətini yüksək qiymətləndirib. Milli Məclisin deputatı 2017-ci ildə Heydər Əliyev Fondu ilə Çin Xalq Assosiasiyası arasında “Dostluq və Əməkdaşlıq Memorandumu” imzalandığını qeyd edib. Bildirib ki, 2019-cu ildə Çinin Şencen şəhərində keçirilən Beynəlxalq Xeyriyyəçilik Forumunda Heydər Əliyev Fonduna “Strateji əməkdaş” statusu təqdim olunması Fondun bu sahədə gördüyü işlərin yüksək qiymətləndirildiyini təsdiq edir.

Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov da iştirak ediblər.

Mənbə: azertag.az