Qarakənd üzərində vertolyotu kim vurdu? – Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI

Qarakənd üzərində vertolyotu kim vurdu? – Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI

“Bu gün Qarakənd faciəsindən 28 il ötür, amma hələ də bu faciə ilə əlaqədar dəqiq məlumat yoxdur və bir nəfər də olsun, qanun qarşısında cavab verməyib. Bu faciənin sirri hələ də açılmamış qalır”.

Bu sözləri tanınmış telejurnalist, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib.

O qeyd edib ki, hadisə yerində Mais Məmmədov, Çingiz Mustafayev və özü (Vahid Mustafa yev) çəkiliş aparıb.

“Ora səhər saat 4 radələrində gəlib çatmışdıq. Biz, jurnalistlər ən birinci idik, hətta milislərdən əvvəl hadisə yerinə çatmışdıq - hadisəni öz gözlərimizlə görmüşdük, lakin hələ də anlamamışıq ki, bu terakt necə baş verə bilərdi. Vertalyotda Azərbaycanın ən işıqlı adamlarından əlavə, Rusiya və Qazaxıstanın yüksək rütbəli şəxsləri də var idi və bu o deməkdir ki, Qarabağdakı hadisələrə birbaşa nəzarət edən Rusiya qoşunları vertalyot uçan koridora nəzarət etməli idi. Lakin nəsə plandan kənar düşdü...”.

Vahid Musatafayev deyib ki, məhz bu hadisə zamanı erməni tərəfi Qarabağa yeni gətirdiyi "Yer-Səma", kənardan idarə edilən stinger tipli raketləri istifadə edərək, sınaqdan çıxarmışdı.

“Koridora nəzarət edənlər sadəcə bu tipli silahın olmasına hazır deyildi və ona qarşı heç nə edə bilməmişdilər. Bizim versiyamıza görə, vertalyot 1992-ci ildə Şuşanın üzərində (Vahid Mustafa yev həmin anı çəkdiyi video: https://www.youtube.com/watch?v=cMdJ3RH1bPo) partladılan vertalyotu vuran dəstə tərəfindən məhv edilmişdi. Həmin dəstə bu zaman arasında hələ çox problemlər yaratmış, Azərbaycan hava qüvvələrini iflic etmişdi. Məsələn, Şuşada vurulan vertalyotdan sonra ümumiyyətlə, Qarabağ üzərində Azərbaycan vertalyotlarının uçuşları bir müddət dayandırılmışdı və bununla da ermənilər ciddi üstünlüklər qazanmışdı. Belə ki, azərbaycanlılar hava yolu ilə lazım olan ərazilərə təcili silah, sursat və insan resursları çatdıra bilmirdilər. Ermənilərin ikinci qazancı Azərbaycanın ən vacib yüksək vəzifəli şəxslərini məhv etməklə, hökuməti müflis etmək və ölkədə siyasi krizis yaratmaq idi ki, buna da nail oldular - bir neçə aydan sonra Mütəllibov hökuməti istefa verdi...”.

V.Mustafayev deyib ki, ikinci versiya da ermənilər tərəfindən əldə edilmiş yeni raket silahının sınaqdan keçirilməsi ilə bağlıdır.

“Lakin bu, "Internyus Armeniya" jurnalistlərinin və Çaykənd əməliyyatı zamanı həbs olunan və sonra Azərbaycanın Baş prokuroru İsmət Qayıbovun sülhməramlı addım ataraq azad etdiyi Vartan Ohanesyan adlı jurnalistin Moskvada bizə təsdiq etdiyi məlumata görə, atəş açan erməni silahlıları vertalyotda kimin olduğunu bilmirmişlər. Bu versiya sadəcə olaraq bəraət qazandırıcı etirafa oxşasa da, "hesabdan" çıxarılmamalıdır”.

Telejurnalistin sözlərinə görə, hadisəni təhlil edən istintaq qrupunun digər və rəsmi versiyası da bu idi ki, vertalyotun pilotu yerdən ermənilər tərəfindən güllələnmiş və idarəetməni itirərək, vertalyotu dağa çırpmışdı.

“Ola bilər... amma mənim Qarakənddə gördüyüm və çəkdiyim vertalyot Əfqanıstan, Çeçenistan, Liviya və s. savaşlarda raketlə vurulmuş helekopterlərə çox bənzəyirdi.

Bu vertalyot hadisəsində təcili surətdə götürülüb Moskvaya göndərilən və Bakıya lazım olan vaxtda qayıtmayan helikopterin “Qara qutu”sundan başqa daha bir "Qara qutu" var idi. Bir çoxlarına məlumdur ki, həmin vertalyota o günlər Qarabağda olan bütün hökumət nümayəndələri əyləşmişdi, bircə Tamerlan Qarayevdən başqa... və Çingiz Mustafayevə verdiyi müsahibəsində Qarayev niyəsə vertalyota minməməsinin səbəbini açıqlamadı, elə bu helikopterdə həlak olan Tofiq İsmayılovun tapşırığı ilə yerdə qalmasını vurğuladı və müəmmalı şəkildə konkret sualdan qaçmağa çalışdı...

Xülasə, Qarakənd vertalyot faciəsində həlak olan və uzun müddət əməkdaşlıq və dostluq etdiyim Azərbaycanın işıqlı İnsanlarına Allah rəhmət eləsin! Bir gün gələr, Sizin qatilləriniz öz cəzalarını alar, inşaAllah!”

Mənbə: moderator.az