Bulut Ələmdar: İran hakimiyyəti Şimali Koreya kimi xalqın dünya ilə əlaqəsini kəsib

Bulut Ələmdar: İran hakimiyyəti Şimali Koreya kimi xalqın dünya ilə əlaqəsini kəsib

Bulud Ələmdar deyir ki, İran hakimiyyəti bir yandan vətəndaş etirazlarını qanlı şəkildə yatırır, digər tərəfdən isə Şimali Koreyada olduğu kimi interneti baölayaraq, xalqın xarici dünya ilə əlaqəsini kəsir.

Amerikanın Səsinə danışan siyasi fəalın söylədiklərinə əsasən, noyabrın 16-da baş qaldıran etirazlar nəticəsində Təbrizdə azı bir etirazçı həyatını itirib.

Güney Azərbaycan bölgəsində buraya qədər Əli Hüseyni adında Bağmeşə məhəlləsinin sakinlərindən birinin öldüyü bildirilir. Biz bunu güvəndiyimiz qaynaqlardan əldə etmişik.

“İran hakimiyyəti heç zaman insanları öldürməkdən, tutmaqdan və onlara işgəncə verməkdən çəkinməyib. Bu gün də çəkinmir. Güney Azərbaycan bölgəsində buraya qədər Əli Hüseyni adında Bağmeşə məhəlləsinin sakinlərindən birinin öldüyü bildirilir. Biz bunu güvəndiyimiz qaynaqlardan əldə etmişik,” Bulud Ələmdar söyləyir.

Amnesty International noyabrın 19-da yayımladığı hesabatda son etirazlarda İranın müxtəlif vilayətlərində azı 106 vətəndaşın həlak olduğunu bildirib. Həlak olanların çoxu İranın ərəblər məskunlaşmış bölgələrindəndir.

Kütləvi etirazlar benzin qiymətinin artmasından sonra baş qaldırıb. Ələmdar müsahibədə bu prosesdə baş verənləri ətraflı şəkildə açıqlayıb.

Onun sözlərinə görə, aksiyalar İranın müxtəlif etnik icmalarının yaşadığı bölgələrdə keçirilib:

“Ayaqlanma ilk öncə ərəblərin yaşadığı bölgələrdə başladı. Güney Azərbaycanda və türk şəhərlərdə is, ilk Zəncandan başladı. Onun ardından Urmiyə, Təbriz, Qoşaçay, Əhər və Meşkin kimi şəhərlərdə. Az sayı ilə olsa da, daha kiçik şəhərlərdə də etirazlar baş tutub.”

Bulut Ələmdar iqtisadi problemlərin bütün qrupların ortaq dərdi olduğunu vurğulayır.

Fars bölgələrindəki müxalifət ilə, türk bölgələrdəki müxalifət çox fərqlidir. Amma iqtisadi məsələlərdə ortaq dərdi paylaşırıq.

“Fars bölgələrindəki müxalifət ilə türk bölgələrdəki müxalifət çox fərqlidir. Amma iqtisadi məsələlərdə ortaq dərdi paylaşırıq. Başqa məsələlərdə əlbəttə ki, bizə daha çox zülm olunur və biz daha çox meydandayıq. Daha çox mübarizə edirik... İqtisadi məsələlər hər kəsin boğazından yapışan məsələdir. Bahalıq, işsizlik, pulsuzluq, maaşların az olması. Buna görə təbii olaraq Güney Azərbaycanda da ayaqlanmalar oldu,” o ifadə edir.

Ələmdar İran Azərbaycanının müxtəlif bölgələrində onlarla vətəndaşın saxlanıldığı bildirir.

Onun dediklərinə görə, “tutulanların adlarını ala bilmirik. Amma Təbrizdə adlarını bildiyimiz, gəlib zorakılıqla evlərindən götürdükləri Davud Şiri, Əyyub Şiri, Ruzbeh Piri və Yaşar Piri vardır. Ərdəbildə Meysəm Colani və Siyamək Seyfi. Qoşaçayda Tovhid Xadimi. O, Qoşaçayda Traktor azarkeşlərinin lideridir.”

Dünya ictimaiyyətindən İrana qarşı çox ciddi etiraz görmədik

Siyasi fəal İranda baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətin münasibətini tənqid edir.

“İran hakimiyyəti oradakı insanların xariclə bağını kəsir və aldığı Çin və Rusiya silahları ilə bəzi silahları da özü istehsal edib, insanları istədiyi kimi asır, kəsir, döyür və öldürür. Bu işini çox rahatlıqla yürüdür. İki günün içində Şimali Koreyanın işini gördü. İnterneti qapadır. Normal telefon danışıqları belə zorla olur... Dünya mediasında, parlamentlərində və insan haqları qurumlarında İrana qarşılıq vermirlər. Bu günə qədər dünya ictimaiyyətindən İrana qarşı çox ciddi etiraz görmədik,” o əlavə edib.

Mənbə: www.amerikaninsesi.org