"Hər kəsə məlumdur ki, Azərbaycanda və Türkiyədə çox məşhur olan, dinləyicilərə vətənpərvərlik ruhu aşılayan "Çırpınırdı Qara dəniz" mahnısı Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həsr olunub.
Mahnının sözlərini Əhməd Cavad 14 dekabr 1914-cü ildə Gəncədə yazıb.
Belə ki, Osmanlı dövlətinin I Dünya müharibəsinə qoşulmasından həyəcanlanan gənc şair Əhməd Cavad bu tarixi şeirini yazır.
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov dörd il sonra, yəni 1918-ci ildə bu şeirə musiqi bəstələyir. Üzeyir bəy mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edir.
Qeyd edək ki, şeir daha irihəcmlidir və ən çox oxunan bəndləri bunlardır:
"Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol ver Türkün bayrağına!
İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
“Həmidiyyə” o Türk qanı!
Həç birinin bitməz şanı!
“Kazbek” olsun ilk qurbanı!
Qurban Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şer, salam söylər.
Olsun bütün Turan ellər
Heyran Türkün bayrağına!"
"Çırpınırdı Qara dəniz" şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şer kitabı olan "Dalğa"da da dərc olunub. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet hakimiyyəti pantürkçülük, bəhanəsi ilə mahnının 70 il ərzində Azərbaycanda səsləndirilməsinə qadağa qoyur. Bundan istifadə edən ermənilər mahnının sözlərinin XVIII yaşamış və əsərlərini əsasən Azərbaycan və türk dilində yazan erməni Sayad Novaya aid olduğunu iddia edirlər. Onlar mahnını "Kamança" adı ilə təqdim edirlər. Bu azmış kimi həmin plagiat mahnının Daşnaksütyun Partiyasının himni olmasını da iddia edirlər. Halbuki
1982-ci ildə “Sovetskiy pisatel” nəşriyyatının Leninqrad bölməsində nəşr olunmuş “Саят Нова. Стихи” kitabında da Sayat Novanın bu adda və ya məzmunda şeiri yoxdur. Sayat Novanın araşdırılan bütün əsərlərində belə şeir yoxdur və dəst xətt tam başqadır.
2018-ci ildə rusiyalı müğənni Avraam Russo tərəfindən başqa adla erməni mahnısı kimi ifa olunub və həmin mahnı Ermənistanda “2018-ci ilin mahnısı” adını alıb. Beləliklə, Sovet hakimiyyəti 70 il mahnının Azərbaycanda səslənməsini qadağan etməklə, onu xalqımızın yaddaşından silməyə çalışırdı və qismən də nail olur. Yeni nəsil uzun illər bu mahnıdan tamamilə xəbərsiz qalır. Yalnız 1990-cı ildə İstanbul Texniki Universitetinin müəllimi, o zaman Azərbaycan Dövlət Konservatoriyasında təcrübə keçən Süleyman Şenel Hacıbəyovun xatirə ev-muzeyinə bu mahnını tapır. Mahnı ilk dəfə Bakıda 1993-cü il martın 10-da Respublika Sarayında Əhməd Cavadın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsində Azərbaycan ictimaiyyəti qarşısında səsləndirilir və o vaxtdan bütün türk dünyasının himninə çevrilir. Mahının ilk ifaçısı vokal ifaçısı Azərin olur.
Xalq artisti, məşhur müğənni Azərin mahnı haqqında qeyd edir:
"Çırpınırdı Qara dəniz” mahnısını ifa etmək qürurdur. Bu mahnını ifa edəndə həmişə Əhməd Cavadın baxışları ilə Qara dənizə baxırdım. Həm şairimiz Əhməd Cavad, həm də bəstəkarımız Üzeyir bəy Qafqaz İslam Ordusundan ilham alaraq bu əsəri yaradıblar".
Mahnının məşhur ifaçıları sırasında Azər Zeynalov, Şəmistan Əlizamanlı da var. Türkiyədə "Çırpınırdı Qara dəniz" daha çox Azərinin ifasında sevilir.
Xalidə Gəray
Mənbə: www.musavat.com