Sona Əliyeva: Övladlarımın deputat olmasını istəməzdim çünki... - VİDEOMÜSAHİBƏ

Sona Əliyeva: Övladlarımın deputat olmasını istəməzdim çünki... - VİDEOMÜSAHİBƏ

AZXEBER.COM-un "Uğurlu qadın" rubrikasının qonağı Milli Məclisin deputatı Sona Əliyevadır.

- Sona xanım ilk olaraq oxucularımıza özünüz haqda məlumat verərdiz...

- 1980-ci ildə Şəmkir rayonunda anadan olmuşam. Pedaqojifəaliyyətim olub, təhsil sahəsində uzun illər çalışmışam. Daha sonra icra strukturunda fəaliyyətimi davam etdirmişəm. Əməkdar müəlliməm, "Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşam. Zamanında Biologiya fənn kurikulum müəllimlərindən biri olmuşam.

- Layihəmizin adı "uğurlu qadın”dır. Özünüzü uğurlu qadın hesab edirsiniz?

- Düşünürəm ki, həyatda vəzifə tutmaq heç də uğurlu olmaq demək deyil. Əsas şərt insanın xoşbəxt olacağı mühitin olması və xoşbəxt ailəsinin olmasıdır. Ancaq deyə bilərəm ki, insan ilk olaraq şəxsi həyatında uğurlu olmalıdır. İnsanın özgüvəni, inamı olmalıdır. Əgər insan özünü bir şəxsiyyət olaraq tanıyıb, bilirsə onun uğuru məhz elə odur. Bu uğurları qazandıqdan sonra insan digər uğurları da asanlıqla əldə edə bilər.

- Müsahibələrinizin birində demisiniz ki, mən Bakıya gələndə övladlarım Şəmkirdə qalmağı seçir. Onlar buna narazı deyillər?

- İndi əksinədir (gülür). Övladlarımdan biri Türkiyədə təhsil alır, biri Bakıda, digəri isə Şəmkirdədir. Bu mənim üçün həddindən artıq çətindir. Uzun məsafələri qət etmək və onların hər birinin yanında olmaq çox çətindir. Övladlarım Şəmkirdə qalmağı özləri seçmişdi, daha sonra isə Bakıya gəldilər. Kiçik oğlum isə gəlmədi, Şəmkirdə nənə və babası ilə qalır. Bəlkə də onları özünə valideyn olaraq görür (gülür).

Ancaq onu deyə bilərəm ki, mən övladlarımın seçimi zamanı onların yanında oluram və heç vaxt qarşı çıxmıram. Onlar harada və necə xoşbəxtdirlərsə, orada da qalırlar. Onların seçimlərinə yaşları az olsa belə hörmətlə yanaşmaq lazımdır.

- Məsafələri qət etməyin çətin olduğunu deyirsiniz. Bakıya köçüb burda yaşamağı, ev almağı düşünmürsünüz?

- Mən ümumiyyətlə torpağa bağlı insanam. Mənim üçün torpaq anlayışı tamam fərqlidir və görünür ona görə də nə Şəmkirdən tam olaraq qopa bilirəm, nə də Bakıya yerləşə bilirəm. Bakıya köçmək haqda dəqiq heç nə deyə bilmərəm. Mən deputat olana qədər də Şəmkirdə yaşamışam və iş fəaliyyətim də orada olub. Bu zamanın işidir. Ancaq onu deyə bilərəm ki, övladlarım Bakıda təhsil almayacaqsa, burada uzunmüddətli yaşamağın tərəfdarı deyiləm. Yəni bununla bağlı gələcəyə hesablanmış bir planımız yoxdur.

- Sona xanım əlçatan millət vəkilidir?

- Bəli, birmənalı olaraq əlçatan millət vəkilidir deyə bilərəm (gülür)

- Seçiciləriniz ən çox hansı mövzuda sizə müraciət edir?

- Seçicilərim müxtəif mövzularda mənə müraciət edir, ən adi məişət qayğılarından tutmuş siyasi məsələlərə qədər hər mövzuda müraciət edirlər.

- Seçicilərlə münasibətiniz necədir?

- Düşünürəm ki, çox yaxşıdır. Millət vəkili seçildikdən sonra bizim səhifəmiz fəaliyyətə başladı ki, ora problemi olan şəxs asanlıqla problemini yaza bilər. Bununla yanaşı mənim köməkçim də Şəmkir rayonunda yaşayır və əlçatan adam olduğu üçün hər kəs istənilən müraciətini ona da edə bilər. Həm də mən Şəmkirdə çox adamı tanıyıram, icra hakimiyyətində işləmişəm. Yəni, mənim çox da çətin deyil.

- Belə bir fikir var ki, Şəmkir varlıların rayonudur və onların heç bir problemi yoxdur. Bu fikirlə razısınız?

- Mən düşünürəm ki, bu formalaşmış stereotipdir. Əslində, Şəmkirdə hamı varlı deyil. Ancaq ümumilikdə digər rayonlarla nisbətdə Şəmkir varlı rayon sayılır. Ancaq hər rayonda olduğu kimi, Şəmkirdə də aztəminatlı ailələr var və biz onlara kömək etməyə çalışırıq.

- Dediz ki, övladınız Türkiyədə təhsil alır...

-Bəli, mənim qızım Türkiyədə tibb təhsili alır və gələcəkdə həkim olmaq istəyir. Türkiyədə təhsil almaq isə mənim yox, övladımın seçimi idi. Mən də bu seçimlə razılaşdım. Avropa bir qız üçün həm uzaq, həm də mədəniyyətin fərqli olmasını düşünərək Türiyəni seçdik. Mən övladlarıma təziq göstərməyi sevmədiyim üçün onun seçimi ilə razılaşdım.

- Övladlarınızın sizdən istəkləri çoxdur?

- Mən uşaqlıqdan zəhmətə öyrəşmiş biri olduğum üçüb övladlarımı da elə öyrətmişəm. Onlardan kimin övladları olduğunu soruşmasalar, onlar deməz ki, biz filankəsin övladıyıq. Mənə elə gəlir ki, valideyninin kim olmasından asılı olmayaraq şagird öz formatından çıxmamalıdır.Şagird öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir. Məhz bu qaydaları özüm bildiyim üçün övladlarıma da bu qaydanı öyrətmişəm.

- Sıx iş qrafikində ailənizə vaxt ayıra bilirsiniz? Bu problem yaratmır?

- Yox. Ailəm mənim fəaliyyətimlə bağlı qərarı verəndə bilirdi ki, bizi çətin günlər gözləyir. Ona görə də narazılıq edən yoxdur.

- İcra başçısının müavini,müəllim indi də millət vəkilisiniz. Hansı işdə özünüzü tam olaraq tapmısınız?

- Deyərdim ki, parlametdə. Çünki vətəndaşlarla işləmək daha çox xoşuma gəlir.

- Adınız mətbuatda daha çox qalmaqalla hallanır. Sizcə bunun səbəbi nədir?

- Bu haqda heç nə deyə bilmərəm,bu medianın özünün bildiyi məsələdir.

- Bir qadının xoşbəxt olması üçün deputatlıq nə qədər önəmlidir?

- Mənim xoşbəxtliyimə deputat olmağımın heç bir aidiyyatı yoxdur (gülür). Əgər ailədə xoşbəxtsənsə, harada olmağının fərqi yoxdur. Mən ailədə çox xoşbəxtəm. Mənim bu həyatda ən böyük yaşama səbəbim deyə bilərəm ki, övladlarımdır.

- Xarici səfərlər zamanı evdən ayrı olmağınız ailənizdə problem yaramır?

- Bu sualınıza qalsa, gərək Milli Məclisin bütün qadın deputatları boşansın (gülür). Əgər bir kişinin qadını milət vəkilidrsə bilir ki, bunun çətinlikləri olacaq. Ancaq təbii ki, ailədən uzaq olmaq çətindir.

- Deputat olduqdan sonra həyatınızda nə dəyişdi?

- Deputat olduqdan sonra həyatımda xüsusi heç nə dəyişməyib.

- Bir çox xarici ölkələrdə olursunuz. Ruhunuz harda dincəlir?

- Mən Türkiyəni sevirəm və deyərdim ki, ruhum ən çox orda dincəlir. İstanbulun xüsusi enerjisinin olduğuna da inanıram. Ümumiyyətlə deyə bilərəm ki, Türkiyə mənə huzur, sakitlik gətirir.

- Övladlarınızdan sizin yolunuzu davam etdirmək istəyən olarsa bunu necə qarşılayarsınız?

- Bunu qətiyyən istəməzdim. Çünki mən çox çətin həyat yaşamışam, onların bu çətinliyi yaşamasını istəməzdim.

- Milli Məclisin fəal qadın deputatı olaraq, qadınların boşanmasının səbəbini nə ilə əlaqələndirərdiniz?

- Bunun bir çox səbəbi var. Ancaq deyə bilərəm ki, cəmiyyətdə olan bütün cəhalətin səbəbi təhsilsizlik və məlumatsızlıqdır. İnsan nə qədər az bilirsə, o qədər cahildir və dünyagörüşü yoxdur. İnsanın müdrik olması üçün mütaliə vacibdir. Mən düşünmürəm ki, qadınların boşanmasının səbəbi tək onların deyil, kişilərin də təhsilsiz olmasıdır. Məhz buna görə mən bu məsələdə yalnız qadınları günahlandırmazdım.

- Sizcə gənclərimiz nəyə görə çıxış yolunu boşanmaqda görür?

- Çünki onlar ailə qurmağa ciddi məsələ kimi baxmırlar.

- Milli Məclisdə yaxın rəfiqəniz var?

- Bu heç kimə sirr deyil ki, biz – Ülviyyə Ağayeva, Pərvin Kərimzadə və Dilarə Cəbrayılova Milli Məclisdə çox yaxınıq, rəfiqəyik.

Günel Hüseynli

Video: Rüfət Hüseynov

AZXEBER.COM

Mənbə: azxeber.com