Meşədə narkotik yetişdirən "Çöpçü Rauf" və şərikinin məhkəməsi başlayır

Meşədə narkotik yetişdirən "Çöpçü Rauf" və şərikinin məhkəməsi başlayır

İsmayıllı rayonunda narkotik tərkibli bitkiləri əkib-becərməkdə təqsirləndirilən Rauf Süleymanlı və Süleyman Mahmudlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Rəşid Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası dekabrın 11-də keçirləcək.

Qeyd edək ki, bu il mayın 14-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağbulaq kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 327 ədəd çətənə bitkisi aşkar edilib.

Davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxslərin İsmayıllı şəhər sakinləri Rauf Süleymanlı və Süleyman Mahmudlu olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. “Çöpçü Rauf” ləqəbi ilə tanınan R.Süleymanlıya şəxsi baxış keçirilən zaman onun üzərindən sellofan bükümdə ümumi çəkisi 12 qrama yaxın qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.

Dəstə üzvlərinə Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - külli miqdarda törədildikdə), 237.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham irəli sürülüb.

Mənbə: report.az