Pakistan və Suriyada döyüşdüyünə görə tutulan azərbaycanlı həbsdə saxlanıldı

Pakistan və Suriyada döyüşdüyünə görə tutulan azərbaycanlı həbsdə saxlanıldı

Ali Məhkəmədə Suriya və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə təqsirləndirilən Rövşən Qədirov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Oxu.Az xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, R.Qədirovun apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Azərbaycanın Quba rayonunun sakini R.Qədirov qazanc üçün Türkiyəyə gedib. Orada İbrahim adlı Türkiyə vətəndaşı ilə tanış olub, o, R.Qədirova Pakistandakı proseslər, silahlı islamçı qrupların şəriətin müdafiəsi uğrunda fəaliyyəti və onların “müsəlmanlara zülm edənlərə” qarşı mübarizələri haqqında məlumat verib.

İbrahimin təsiri altında R.Qədirov 2009-cu ildə cihad üçün Pakistana gedib və “Yunus” ləqəbli komandirin rəhbərlik etdiyi “Türk camaatı”na qoşulub. Amma sonradan onunla digər mücahidlər arasında fikir ayrılıqları yaranıb və 2010-cu ilin martında Türkiyəyə qayıdıb.

2011-ci ilin sentyabrında R.Qədirov yenidən cihadda iştirak etməyə qərar verib, bu dəfə Suriyaya yola düşüb. Amma 2012-ci ilin yanvarında yaralandıqdan sonra R.Qədirov Türkiyəyə qayıdıb. O, ötən il aprelin 17-də Azərbaycana gəlib və bir müddət sonra həbs olunub.
R.Qədirov ittihamları qəbul etməyib, ümumiyyətlə, Pakistanda olmadığını, Suriyaya isə humanitar yardım aparmaq üçün getdiyini bildirib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Mənbə: www.oxu.az