Universitetlərdə dərs saatları eyni deyil - Magistrantlar həm oxuyub, həm işləyə bilmir

Universitetlərdə dərs saatları eyni deyil -  Magistrantlar həm oxuyub, həm işləyə bilmir<span class="qirmizi"></span>

Təhsilin magistratura pilləsində dərs saatları hər universitetdə eyni deyil. Belə ki, bəzi ali təhsil müəssisələri dərsləri günün birinci yarısında təşkil etsə də, bəzi universitetlər dərs saatlarını 18:00-dan sonra təşkil edir.

Magistrda təhsil alan bir çox tələbələrin artıq əmək bazarında fəaliyyətə başlamasını nəzərə alsaq, dərslərin başlanması ilə əlaqədar iş yerlərini tərk etməli olurlar. Həmçinin ödənişli təhsil alan, rayondan gələn tələbələrin kirayə xərclərini də nəzərə alsaq, onlar üçün daha çətin vəziyyət yaranıb.

Təqaüd məsələsinə gəlincə, təhsil göstəricilərinə görə, adi, zərbəçi, əlaçı olan tələbələrə ödənilən təqaüd haqqı müvafiq olaraq 96, 144, 174 manat təşkil edir. Bu da yaşam xərcləri üçün olduqca aşağı məbləğdir. Qeyd edək ki, hər universitetdə tələbələrə təqaüd ödənilmir.

Çoxları da bu problemləri nəzərə alaraq çıxış yolunu ixtisaslarına uyğun və ya başqa sahədə işləməkdə görür. Magistrda təhsil alan tələbələrin 22-dən yuxarı yaşda olduğunu nəzərə alsaq, bu, onların haqqıdır.

Bəs tələbələr üçün magistr pilləsində dərs saatları nəyə görə hər universitetdə eyni deyil?

Məsələn, Bakı Dövlət Universitetində dərslər 08:30-da, Azərbaycan Dillər Universitetində (ADU) dərs saatları 17:45-dən sonra, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 18:30, İqtisadiyyat Universitetində 18:40-dan sonra başlayır.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən saytımıza bildirildi ki, magistrlərin dərs cədvəli professor-müəllim heyətinin iş vaxtına uyğun olaraq sərbəst şəkildə təşkil edilir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti isə qeyd etdi ki, magistrantların dərsləri müvafiq vəziyyətə uyğun olaraq 16:10, 17:40 və 19:00 da başlayır:

"Hər hansl bir dəyişiklik hazırda gözlənilmir. Qanunvericiliyə müvafiq olaraq əyani təhsil alan şəxslər rəsmi əmək fəaliyyəti ilə məşğul olmurlar. Yəni dərs saatlarını tələbələrin əmək fəaliyyətinə uyğunlaşdırmaq mümkün deyil. Bu müəllimlərin, auditoriyaların və universitetin mövcud vəziyyətinə uyğunlaşdırılır. Əlavə olaraq ADPU müəllim yetişdirən bir təhsil müəssisəsi olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, magistrant tələbələrimiz günün birinci yarısını müəllimlik fəaliyyəti göstərə bilərlər. Çünki, dərslər ən tez 16:10 da başlayır. Nəzərə alsaq ki, bir çox universitetlərdə dərslər 09:00 da başlayır ADPU da kifayət qədər uyğunlaşıb".

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bu ali təhsil müəssisələrinin verəcəyi qərardır. Bu səbəbdən müdaxilə düzgün deyil:

"Universitetlərdə müvafiq olaraq təhsilalanların şöbələr üzrə bölünməsi həmin təhsil müəssisəsinin rəhbərliyindən asılıdır. Kənar müdaxilə isə düzgün deyil. İstər Elm və Təhsil Nazirliyi tərəfindən, istərsə də digər aidiyyatı qurumlar tərəfindən. Qısası, bu universitetin verəcəyi qərardır. Qanunverciliyə uyğunluğuna gəlincə, əgər tələbələr özləri axşam şöbəsini tələb etsələr bu, mümkün ola bilər. Digər bir məqam ondan ibarətdir ki, magistratura pilləsində təhsil alan hər kəs işləmir. Burada dərslərin birinci növbə olmasının tələb edən tələbələr də ola bilər. buna görə ortaq nöqtə tapılmalıdır".

Təhsil eksperti bildirdi ki, rəsmi işi olan tələbələr üçün problem yaranacaq:

"Magistrantların təhsillə paralel olaraq işləyib-işləməməsinə gəlincə, əlbəttə bu, mümkündür. Əgər rəsmi işdən söhbət gedirsə,təbii ki, bu, çətin olacaq. Müəssisə də öz iş keyfiyyətini aşağı düşməməsi üçün işçiyə verəcəyi akademik məzuniyyət məsələsində problem yaşayacaq".

Gülər Seymurqızı

Mənbə: metbuat.az