Astarada aztəminatlı ailələr üçün bağ salınıb

Astarada aztəminatlı ailələr üçün bağ salınıb

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Astara rayonunda aztəminatlı ailələrdən ötrü meyvə bağı salınıb.

Aksiya zamanı rayon ərazisində ayrılmış 2 hektar sahədə 200 nəfərdən çox könüllünün iştirakı ilə 1250 ədəd feyxoa ağacı əkilib. Daha sonra yeni salınan meyvə bağı təmənnasız olaraq rayonda yaşayan 3 aztəminatlı ailə arasında bərabər şəkildə bölünüb. Astara Rayon İcra Hakimiyyəti başçısının müavin, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Maliyev aksiyanın əhəmiyyətindən danışıb:

“Ölkəmizdə əhalinin maddi halını qaldırmaq üçün dəyərli işlər görülür. Məhz rayonumuzda keçirilən bu aksiya da belə nəcib məqsədlərə xidmət edir. Yeni salınan bağ Astara şəhər sakinlərinin: birinci qrup Qarabağ müharibəsi əlili Mikayıl Mikayılovun, şəhid ailəsi Sərdar Əliyevin və aztəminatlı ailə başçısı Şakir İbrahimovun istifadəsinə verilib. Hər üç ailə meyvə bağlarında bol məhsul əldə etməklə özlərinə xoş güzəran quracaqlar. Bundan əlavə, eyni zamanda bu cür bağların salınması ölkədə iqtisadi inkişafa da mühüm töhfədir”.

Hazırda bağ sahibləri gələcəkdə bol, ekoloji cəhətdən sağlam məhsul yetişdirməkdən ötrü ruh yüksəkliyi ilə meyvə ağaclara nümunəvi qulluq göstərirlər. Onlar çalışırlar ki, bütün əkilən ağaclar normal boy versin.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Cebhe.info

 

 

Mənbə: cebhe.info