Vətən müharibəsindən sonra toy məclislərini himnlə açmaq adəti ziddiyyətli fikirlər doğurub - nə etməli…

Vətən müharibəsindən sonra toy məclislərini himnlə açmaq adəti ziddiyyətli fikirlər doğurub  - nə etməli…<span class="qirmizi"></span>

Könül İsmayılova: “Toylarda dövlət himninin səsləndirilməsi Vətənə olan münasibətin göstəricisidir”

90-cı illərdə olduğu kimi, toy mərasimlərində Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ənənəsi yenidən qayıdıb. 44 günlük Vətən müharibəsindən sonra evlənən cütlüklərin toy məclisi dövlət himni ilə açıq elan edilir. Bəzi mərasimlərdə cütlük “Vağzalı” əvəzinə zala Himnlə, Bayraqla daxil olur. Demək olar ki, Azərbaycan toylarında yeni ənənə formalaşır.

Ancaq bu, insanlar tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub. Çoxları himnin oxunmasını vətənpərvərlik olaraq qəbul etsə də, bəziləri bu halın qəbulolunmaz olduğunu müdafiə edib.

“Toyda himnin səslənməsi məclis üzvlərinə də xoş təsir bağışlayır, vətənpərvərlik hissi aşılayırsa, bu qəbulolunandır, ancaq…”

Psixoloq Könül İsmayılova qeyd etdi ki, toylarda dövlət himninin səsləndirilməsi Vətənə olan münasibətin göstəricisidir: “Harada olmasından asılı olmayaraq, himnin səslənməsi gözəldir. Toylarımıza da vətənpərvərlik ovqatı verir. Toyda himnin səslənməsi məclis üzvlərinə də xoş təsir bağışlayır, vətənpərvərlik hissi aşılayırsa, bu qəbulolunandır. Ancaq baxır himn hansı ovqatda, hansı situasiyada səslənir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, himn səslənərkən yaşından, kimliyindən asılı olmayaraq hər kəs hörmətlə ayaq üstə dayanmalıdır: “Təəssüf ki, toy disklərinə baxanda, himn çalınarkən uşaqlar ora-bura qaçır, ofisiantlar qulluq edir. Hamı hərəkətdə olur. Bu məsələyə diqqət etmək lazımdır. Qardaş ölkə Türkiyə ilə müqayisə etsək, görürük ki, onlarda himnin harada səslənməsindən asılı olmayaraq, insanların hər biri işini saxlayır, himni dinləyir, hörmət göstərir. Bizdə isə bir qism insan normal münasibət göstərsə də, bir qism himnin mahiyyətini duymur, hiss etmir. Heç axıra qədər də dinləmir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, toylarda “Vağzalı” ilə yanaşı dövlət Himni də səslənə bilər: “Danılmaz faktdır ki, artıq toylarımızda nəinki əcnəbi qonaqlar, hətta başqa ölkələrdən dəvət olunan müğənnilər də iştirak edir, o zaman şadlıq mərasimlərimizdə Dövlət himninin səsləndirilməsi və Bayrağımızın dalğalandırılmasını həm də təbliğat hesab etmək olar”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com