Sabirabad rayonunun Hacıbəbir kəndində yollar bərbad vəziyyətdədir.
Bu barədə "Report"a kənd sakinləri məlumat verib.
Sakinlərin sözlərinə görə, kəndin yolu 6 il əvvəl asfaltlanıb:
"Bu yol 12 kəndi birləşdirir. Tamamilə bu yol dağılıb, yararsız vəziyyətdədir. Yağış, qar olanda bu yolda hərəkət etmək mümkün olmur. Taksilərdə bu yolda hərəkət edə bilmir. Tozun torpağın əlindən dada gəlmişik. Dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etmişik. Lakin baxan yoxdur".
Problemlə bağlı kənd bələdiyyəsindən bildirildi ki, kəndarası yolların əsaslı təmiri istiqamətində layihə planı hazırlanılır və yaxın zamanda həm Hacıbəbir kəndinin, həm də bələdiyyənin ərazisində olan digər kəndlərin yollarında əsaslı təmir işləri aparılacaqdır.
Qeyd edək ki, Hacıbəbir kəndi rayon mərkəzindən 40 km uzaqda yerləşir.
Mənbə: report.az