Repetitorluq ümumi təhsil sahəsində sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirilsə…

Repetitorluq ümumi təhsil sahəsində sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirilsə…

Repetitorluq daim cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan əsas problemlərdən biri olaraq qalır. Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir, hətta məktəbəqədər təhsil müəssisələrinə belə nüfuz etməklə, özünə yeni-yeni tərəfdarlar toplayaraq, geniş auditoriya qazanmaqda davam edir. Məsələni bir az da konkretləşdirsək, repetitorluq nə dünənin, nə də bu günün məsələsi olmayıb, gündən-günə cavanlaşma dövrünü yaşayan əlavə peşə sahibi kimi müəllimliyə alternativ fəaliyyət sahəsinə çevrilməkdədir.

Repetitorluğu “Təhsilimizin bəlası”, “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandırırlar da var, “təhsilimizin iksiri” hesab edənlər də. Ona “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi” kimi dəyərləndirənlər da var, “təhsil mühitinin dağıdıcı qüvvəsi” kimi qiymətləndirənlər də. Yeni qəbul modelinin və 12 illik təhsilə keçidin repetitorların fəaliyyətinə son qoyacağı ümidi ilə yaşayanlar da heç də az deyil. Baxmayaraq ki, repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi müəyyən rəğbət qazanır, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edir, bununla belə mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq fəaliyyəti ilə məşğul olmasına dair hər hansı bir məhduddiyyət də nəzərdə tutulmayıb.

Əgər toplumun müəyyən hissəsi belə bir qənaətdədirsə ki, təhsilimiz repetitorların ümidinə qalıb, bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb, artıq bir çox müəllimlər təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də məktəb direktorlarının yaratdığı qeyri-qanuni “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlər, bunun acı nəticələrinə isə toplum olaraq həm maddi, həm də mənəvi cəhətdən qatlanmaq zorundadırlar, bu artıq təhsilimizin problemidir və onun optimal variantı barədə düşünməyin vaxtıdır.

Nəzərə alsaq ki, repetitorluğun qayəsini ali məktəbə hazırlıq təşkil edir, Nüfuzundan və reklamından asılı olaraq şagirdin hansı repetitorun yanına getməsini, vəd olunan hazırlığın nə qədər müddətə başa çatacağını və digər məsələləri araşdırmasaq belə, bunun valideyinə hansı məbləğə başa gələcəyini təxmin etmək o qədər də çətin məsələ deyil. Bununla belə, abituriyentin tələbə olması üçün ailəsinin nə qədər pul xərcləyəcəyi valideynlərinin öhdəsindədir. Başqa sözlə, dövlət və özəl universitetlərdə ödənişli ixtisaslar

istisna olmaqla digər əlavə pullu təhsil xidmətləri valideynin arzu və istəyindən asılı olaraq könüllülük prinsipi əsasında həyata keçirilir. Yəni, hər hansı bir valideynin övladını repetitor yanına göndərməsi, müxtəlif profilli hazırlıq kurslarına, o cümlədən də xaricdə təhsil proqramlarına yönəltməsi onun öz seçimidir.

Ümumiyyətlə götürdükdə repetitorluq nə deməkdir? Bilməyən varsa bilsin ki, təhsilimizdə ciddi fəsadlarla müşayət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən bu əcnəbı ifadə latıncadan tərcümədə sadəcə olaraq “təkrarlayıcı”, “təkrar edən”( rus dilində bu daha aydın və səlis səslənir- “ tot, kto povtoryayet “) anlamına gəlir. Əgər bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmın məktəbin müəllimi tərəfındən də yerinə yetirilə bilərdi. Bir də ki, 5-ci sinifdən başlayaraq, keçirilən aralıq imtahanlarını ləğv edib, buraxılış siniflərinə birdən-birə 8 fəndən imtahan salıb, sonra onların sayını 2-yə endirib, daha sonra 3-ə qaldırmaqla nə qazandıq? Bir sözlə biz sadəni qoyub, mürəkkəbə doğru getmişik.

Məsələyə hüquqi baxımdan yanaşanlar hesab edirlər ki, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmağı onların Konstitusiya ilə təsbit olunmuş hüququdur: “Bu şərtlə ki, qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və repetitorluqla məşğul olan şəxs sahibkarlıq fəaliyyətinə başlandığı günə qədər yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.

Bir neçə il öncə, Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt etmişdi. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilməsi bildirilirdi. Qərara əsasən, Təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilər. Bakı şəhəri üzrə Təhsil idarəsi rəsmisinin sözlərinə görə valdeynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstərilir. Xidmətlərin qiymətlərini idarə müəyyənləşdirir. Xidmət zamanı məktəbin yerləşdiyi ərazi, sahə, müəssisənin ümumi vəziyyəti, fəaliyyətin növü nəzərə alınır. Bunlara əsasən qiymətlərdə fərq olur. Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünək. Bir halda ki, ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyətinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından, əlavə dərnəklər və kursların təşkilindən və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər. Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir, deməli repetitorluğu da sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək olar.

Bu halda həm məktəb qazanar, həm müəllim, həm şagird və valideyn. Şagird əlavə hazırlıq üçün, artıq məsafə qət etməyib, öz məktəbində, öz müəllimləri ilə məşğul olar. Bir məkandan digər məkana gediş-gəlişlərə son qoyular. Dəsdən yayınma halları nəzərə çarpacaq dərəcədə azalar. Valideynin öz övladının məktəbdə olması barəsində arxayınçılığı tam təmin olunar, onun etdiyi ödənişi kənar mənbəələrə deyil, məhz müəllimin, təhsil aldığı məktəbin ehtiyaclarına hesablanar. Müəllim-şagird-valideyn münasibətləri tənzimlənər. Repetitorluğun leqallaşdırılması nəticəsində habelə aşkarlıq və şəffaflıq prinsiplərinin işlək mexanizmləri yaradılmış olar. Ən başlıcası isə uzun müddətdən bəri mübahisə və polemika obyekti olan bu taleyüklü məsələyə nöqtə qoyulmasa belə, prosesin daha da təkmilləşdirilməsi istiqamətində yeni və daha optimal təkliflərin hazırlanmasına zəmin yaranar...

Nadir İsrafilov, təhsil eksperti

Mənbə: moderator.az