İdman jurnalistikası proqramının magistrantlarına Böyük Britaniya universitetinin sertifikatları təqdim olunub

İdman jurnalistikası proqramının magistrantlarına Böyük Britaniya universitetinin sertifikatları təqdim olunub

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman jurnalistikası magistr proqramının tələbələrinin Böyük Britaniyaya növbəti səfəri uğurla başa çatıb.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, təlim-təcrübə məqsədi daşıyan səfər çərçivəsində İngiltərənin London, Şeffield, Koventri, Stradford, Mançester və digər şəhərlərində olan proqramın ikinci kurs tələbələri ölkənin ictimai-mədəni həyatı ilə yanaşı, ixtisasları üzrə bir sıra qurum və təşkilatları ilə tanış olublar. Tələbələr, həmçinin İngiltərənin qabaqcıl regional media qurumlarından biri olan “Sheffield Star” qəzetinin redaksiyasına da baş çəkiblər.

Səfər çərçivəsində tələbələrə tərəfdaş universitet - Şeffild Hallam Universitetində əsas modullardan biri intensiv şəkildə tədris edilib. Belə ki, tələbələr həmin universitetin radio və televiziya studiyaları ilə tanış olub, bu sahədə ixtisaslaşmış müəllim və mütəxəssislərin mühazirələrində iştirak ediblər.

Tədris modulunun bir hissəsi kimi tələbələr, mövsümün ən maraqlı oyunlarından biri olan İngiltərə çempionları “Sheffield Steelers” və “Nottingham Panthers” arasındakı buz xokkey oyununu media nümayəndəsi olaraq izləmək imkanını da əldə ediblər. Bundan əlavə, magistrantlar Mançesterə səfər çərçivəsində “Old Trafford” stadionunda və yaxınlıqdakı Milli Futbol Muzeyində də olublar.

Sonda ADBTİA-nın idman jurnalistikası magistr proqramının tələbələrinə Şeffild Hallam Universitetində aparılan təlim-tədris sessiyasının müvəffəqiyyətlə tamamladıqlarına görə sertifikatlar təqdim olunub.

İdman jurnalistikası magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların hazırlanmasıdır. Bu ixtisas nəinki Azərbaycanda, Qafqaz regionunda bir ilkdir. Təhsil proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

İdman jurnalistikası proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və xarici mütəxəssislər tərəfindən həyata keçirilir.

Bu magistr proqramında təhsil alacaq magistrlar onlar üçün xüsusi yaradılmış Multimedia Mərkəzində PR, audio və video jurnalistika, onlayn media, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanışlıq imkanı əldə edirlər.

Mənbə: azertag.az