Avtomobil almaq istəyənlər DİQQƏTLİ OLUN! - Yeni fırıldaqçılar peyda oldu - FOTO

Avtomobil almaq istəyənlər DİQQƏTLİ OLUN! - Yeni fırıldaqçılar peyda oldu - FOTO

Son günlər avtomobil bazarında dələduzlar peyda olub. Artıq sosial şəbəkələrdə bu istiqamətdə şikayətlərin sayı artır.

Belə ki, hər hansı avtomobilin satışı ilə bağlı saytlara elanlar qoyulur və müraciət edən şəxslərdən xahiş edilir ki, öncədən “beh” verilsin. Yalnız bundan sonra elanı siləcəyini və avtomobili təhvil verəcəyini vəd verirlər. “Beh” ödəniləndən sonra isə həmin şəxslər necə deyərlər, aradan çıxırlar. Nə telefonlarına zəng çatır, nə də verilən “beh”i geri qaytarmaq mümkün olur.

"Yeni Sabah" xəbər verir ki, Primetime.az aldadılan avtomobil alıcılarının həmin şikayətlərindən bir neçəsini təqdim edir:

"Bizə də 100 manat atılıb. Satışa "Çeşka" qoymuşdu, Gəncədə idi. Pulu vurduq, lakin 1 saatdan sonra zəng çatmadı".

Bu çekdə isə Yusifli Qismət Əliabbas adına 100 azn "beh" göndərilib.

"Mənim dostuma "atıb". Bizə dedi ki, "VAZ 2107" markalı avtomobil Göyçaydadı. 50 manat "beh" aldı. Hacıqabul rayon polis idarəsinə şikayət etmişik".

Bunlar hələ şikayətlərin bir neçəsidir. Bu istiqamətdə aldadılan insanların sayı kifayət qədərdir.

Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Primetime.az-a bildirib ki, aldanma halları ilk növbədə insanların naşılığından irəli gəlir:

“Yəni, məsələnin hüquqi tərəfləri, müəyyən prosedurlar var. Tutaq ki, mən maşın almaq və ya digər mülkiyyətləri əldə etmək istəyirəmsə, bunun üçün məndən pul istəyirlərsə, təbii ki, birinci razılaşdırılmalı və sənədləşdirilməlidir. Yəni, sadəcə olaraq “beh” alındı, verildi – bununla iş bitməməlidir. Bu, bir tərəfdən həmin insanların üzərində olan bir öhdəlikdir. Çünki sabahısı gün “beh”in verilib-verilməməsini sübut etmək çətin məsələyə çevrilir. Digər tərəfdən “centlmensayağı sövdələşmələr” deyilən anlayış mövcuddur. İşgüzar aləmdə bəzi hallarda buna rast gəlinir. Sadəcə olaraq bu kimi məsələlərdə çox zaman başvermə prosesi  “centlmensayağı sövdələşmə”dən uzaq olur. Yəni, insanlar açıq-aşkar aldadılırlar. Onların məsələyə bu formada yanaşması sonradan çətin vəziyyətə düşmələrinə gətirib çıxarır. Ona görə də sənədləşmə mütləq olmalıdır”.

Ekspert vurğulayıb ki,  hər hansı hadisə baş verdiyi halda, birmənalı olaraq hüquq-mühafizə orqanlarına müraciət edilməlidir:

“Hüquq-mühafizə orqanları araşdırmalara başlamalı və baş vermiş hadisə ilə bağlı yekun rəy verilməlidir. Hər hansı şəxsin hərəkətində qeyri-qanuni əməllər varsa, təbii ki, bu, əvvəlcə sübuta yetirilməli və bundan sonra müvafiq qaydada məhkəmə prosesinə rəvac verilə bilər. Ümumiyyətlə, kimsə hər hansı bir formada avtomobili əldə etmək istəyirsə, şəxsin tapılmaması kimi məsələlərdə özünün sığortalanması üçün bu, notarial qaydada təsdiq olunmalıdır. Təbii ki, proses hüquqi müstəvidə həyata keçirilən zaman aldadılma hallarının qarşısını almaq daha rahat olur”.

Adətən aldadılma hallarında kiçik məbləğdən söhbət gedən zaman şəxslər polis orqanlarına müraciət etməkdən imtina edirlər. A.Allahverənov bu istiqamətdə də fikrini bölüşüb:

“Düşünmürəm ki, hüquq-mühafizə orqanlarına müraciət edilsə, məbləğin az olduğu irəli sürülüb araşdırmalara başlanılmasın. Ərizə varsa, proses ona uyğun başladılmalıdır. Şəxs kimsə tərəfindən aldadılıbsa, bir qayda olaraq ərizə ilə  müraciət etməli,  bundan sonra əks tərəfin qeyri-qanuni əməlləri üzə çıxarılmalı, qərar verilməlidir. Ola bilsin ki, həmin adam bir neçə şəxsi aldatmağa müvəffəq olub. Adətən praktikada bir şəxsin günahı sübuta yetirilən zaman digər faktlar da ortaya çıxır”.

Vəkil, Sumqayıt şəhəri, 2 saylı Vəkil Bürosunun direktoru Leyla Bədəlova isə saytımıza açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Bu hal da özgəsinin etibarından sui-istifadə etməklə əmlakını (pulunu) ələ keçirmə olduğundan, dələduzluq kimi tövsif edilir.

Məsləhətim odur ki, alıcılar “beh” müqaviləsi bağlanarkən ehtiyatlı olsunlar. Tanımadıqları şəxslərə pulu verməsinlər. Əgər “beh”i ödəyəcəklərsə də, çalışsınlar ki, müqaviləni yazılı formada bağlasınlar”

Mənbə: yenisabah.az