"Təklif etdiyimiz islahatlar aparılmasa, demokratik seçkilərin keçirilməsi qeyri-mümkün olacaq"

Milli Şura növbədənkənar parlament seçkiləri ilə bağlı qərar verib, iştirak etməyəcəyini bildirdi. Ölkədə növbədənkənar parlament seçkilərinə start verildiyi bir ərəfədə Milli Şuranın bu qərarına digər müxalifət partiyaları necə münasibət göstərir? REAL partiyası bu addımı xətalı adlanıdırır və düzgün hesab etmir. Ümid partiyası isə hesab edir ki, bu Milli Şuranın qərarıdır, doğru bildiyini edir. Bəs ölkənin əsas müxalifət partiyalarından olan Müsavat nə düşünür? Müsahibimiz partiyanın başqanı Arif Hacılıdır.

- Arif bəy, Milli Şura 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini bəyan etdi.Bu qərara münasibətiniz necədir?

- Bu təxminən gözlənilirdi. Onlar seçkiqabağı demokratik şəraitin və bərabərhüquqlu rəqabətin, seçkilərin şəffaf keçirilməsi üçün müvafiq qanunvericilik bazasının olmadığını düşünərək seçkiləri boykot etməyin daha səmərəli yol olduğunu düşündülər.

- Siz necə düşünürsünüz, boykot səmərə verirmi?

- Bu da yollardan biridir. İndiki şəraitdə biz avtoritar rejimin güclənməməsi üçün boykot yolu ilə mübarizə aparmaqdansa seçkilərdə iştirak yolu ilə mübarizə aparmağın daha faydalı olduğunu düşünürük.

- Seçkilərin bu dəfə demokratik və şəffaf keçiriləcəyinə inanırsınız?

- Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün ilkin demokratik şəraiti görmürəm. Seçkiqabağı rəqabətin düzgün aparılacağını sanmıram. Bərabər hüquqlu təbliğat imkanları yoxdur. Seçki komissiyaları dövlətin nəzarəti altındadır.Təbii ki, belə olan şəraitdə əgər ciddi dəyişikliklər olmasa təklif etdiyimiz islahatlar aparılmasa, demokratik seçkilərin keçirilməsi qeyri-mümkün olacaq

- Milli Məclis deputatlarının mütləq əksəriyyətinin parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü bəyan olundu və parlament buraxıldı.Keçmiş deputatların yenidən deputat seçilməsinə münasibətiniz necədir?

- Əslində bu parlament xalqın iradəsi ilə formalaşmamışdı, onun buraxılması təbii idi. Onlar özləri yetərsiz olduqlarını etiraf etmişdilərsə yenidən parlamentə qayıtmaq istəmələri, parlametə gəlmək üçün təşəbbüs qaldırmaları açıq şəkildə məntiqsiz görünür. 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Yol polisi “Skoda” ilə saatda 200 km. sürətlə şütüyən sərxoş azərbaycanlını təqib edir... DRAMATİK KADRLAR

SONRAKI XƏBƏR

Bolluq və seçim amerikalılara stres yaşadır