Bir neçə gün öncə sahibsiz itlər daha bir uşağın ölümünə səbəb olub. Hadisə Cəlilabad şəhəri Röyal Nəsirov küçəsində baş verib. 11 yaşlı Zülfiyyə Rzayeva dükandan evə qayıdarkən sahibsiz itin bacısına hücum etdiyini görərək onu itin caynağından xilas etməyə çalışıb.
Çoxsaylı xəsarətlər alan uşaq təcili xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurularaq, yaraları tikilib. Ancaq Zülfiyyə Rzayeva bir neçə gün müalicə aldıqdan sonra xəstəxanda qəfildən dünyasını dəyişib.
Qəribə burasıdır ki, balaca Zülfiyyənin ölümünə səbəb olan quduz it hələ də zərərsizləşdirilməyib. Ona görə də şəhər sakinləri təşviş içərisindədir. Çünki, quduzluq xəstəliyinin daşıyıcısı olan sahibsiz itin digər şəxslərə hücum etmə ehtimalı böyükdür.
Məsələ ilə bağlı Cəlilabad şəhər bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədri Mehdi Kərimov Bizim.Media-ya açıqlamasında bu gün ovçuları dəvət etdiklərini bildirib:
“İti tapa bilsək, baytarlarla bir yerdə tutub birtəhər onun başını kəsəcəyik. Çalışırıq ki, yaxın vaxtda iti tapaq, məsələni həll edək. Amma hələki iti tapa bilməmişik”.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Reyhan İbrahimova isə qeyd edib ki, istər insanlar, istərsə də heyvanlar arasında infeksion xəstəliklər artıb:
“İtlər arasında ən çox yayılımış infeksion xəstəlik quduzluqdur. İt dişləyən şəxsi qısa zamanda həkimlərə çatdırmaq lazımdır. Görünür, valideynlər məsuliyyətsizlik ediblər. Uşağı həkimə gec aparıblar. Ona görə də ölüm hadisəsi baş verib.
Biz hər zaman deyirik ki, sahibsiz it və pişiklər barədə qəti tədbirlər görülməlidir. Biz elm adamları sahibsiz heyvanların azaldılmasının tərəfdarıyıq. Bununla bağlı müvafiq qurumlara da təkliflərimiz vermişik. Sahibsiz itlər ən təhlükəli infeksion və invazion xəstəliklərin yayıcısıdırlar. İtlər təkcə insanlara hücum etmir, həm də təbiəti ifrazatlarında olan parazit qurdlarla çirkləndirirlər.
İtlərdə bir xüsusiyyət var. Onlar özlərini yalayırlar. Yalayarkən anus ətrafında olan parazitləri bütün bədənlərinə yayırlar. Sonradan tüklərin arasındakı parazitlərdən yumurtalar yetişir. İnsanlar, ələlxüsus da uşaqlar itləri tumarlayarkən exinokok və digər qorxulu xəstəliklərə yoluxurlar. Ona görə də sahibsiz itləri insanlar yaşayan ərazilərdən çıxartmaq lazımdır. Sahibsiz itlərlə çox ehtiyatlı davranmaq lazımdır”.
Reyhan İbrahimova təəssüflə qeyd edib ki, parazitar qurda yoluxan malqaranın əti, südü və digər məhsulları ilə də xəstəlik insanlara keçir:
“Sahibsiz itləri mal-qara saxlanılan və kəsilən yerlərə qətiyyən yaxın buraxmaq olmaz. İtlər örüşlərə və yem axurlarına ifraz edərkən parazit qurdların süfrələrini də həmin yerə qoyurlar. Ot yeyən heyvan da asanlıqla o parazit qurdlara yoluxur. Sonradan yoluxma ət və südlə insanlara keçir.
Başqa bir dəhşətli fakt ondan ibarətdir ki, sahibsiz itlər hara gəldi ifrazat buraxırlar. Abşeron da küləkli ərazidir. Külək də qurumuş it ifrazatını havaya qaldırır. O havanı da bizlər uduruq. Ona görə də sahibsiz itləri təcili olaraq Abşeron yarımadasından çıxartmaq lazımdır”.
Mənbə: bizim.media