Sağlamlıq haqqında arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, sağlamlıq haqqında arayış alınması tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil.
"Lakin sosial layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışları və həqiqi hərbi xidmətə çağırılanların müayinəsidir. Sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək və s. ödənişli arayışlardır.
Bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib. Belə ki sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, daxildir. Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib", - deyə bildirilib.
Mənbə: news.milli.az