Aslan Aslanovun anadan olmasından 58 il ötür - FOTO/VİDEO

Aslan Aslanovun anadan olmasından 58 il ötür - FOTO/VİDEO

Dekabrın 31-də Şəmkir şəhər İcra Hakimiyyətinin keçmiş başçısı,Yap Siyasi Şurasının Üzvü, biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar İttifaqının Fəxri üzvü, Tbilisinin Fəxri vətəndaşı, polkovnik Aslan Aslanovun anadan olmasından 58 il ötür. Xatırladaq ki, A. Aslanov 2018-ci ilin 23 avqustunda dünyasını dəyişib.

Aslan Aslanov zamanında təkcə rəhbərlik etdiyi rayonda və Gəncəbasarda deyil, ümumiyyətlə Azərbaycanda sayılıb-seçilən, ölkə rəhbərliyinin, şəxsən Heydər Əliyevin sevdiyi, güvəndiyi, etibar etdiyi icra başçılarından olub. Ona görə də dünyadan vaxtsız köçsə də zamanında Azərbaycan üçün etdiklərini rəhmət və ehtiramla yad etməmək insafsızlıq olardı.

O, birinci Qarabağ savaşında yenicə formalaşmağa başlayan milli orduda xidmət edən çoxsaylı soydaşımızın xilası üçün etdiyi qədirbilənliklə adını tarixə yazdırmağa müvəffəq olub. Təsadüfi deyil ki, ordu qarşısındakı misilsiz xidmətlərinə görə A. Aslanov hələ 1995-ci ildə Heydər Əliyev tərəfindən polkovnik hərbi rütbəsi alan yeganə icra başçısı olub.

Atəşkəsdən sonrakı dönəmdə də onun fəaliyyəti təkcə bir rayona rəhbərliklə məhdudlaşmayıb və Azərbaycanın qeyri-rəsmi səfiri kimi Gürcüstanla münasibətlərimizin sağlam təməllər üzərində qurularaq inkişaf etməsinə bir peşəkar diplomatdan çox töhfə verdiyinə görə də hər zaman Heydər Əliyev və o vaxtkı Gürcüstan prezidenti Eduard Şevardnadze tərəfindən dəfələrlə müxtəlif təltiflərlə, fəxri adlarla mükafatlandırılıb.

Dünya fani və ömür qısadır, hər kəs də zamanı çatanda bu dünyanı tərk edəcək. Amma hesab edirik ki, A. Aslanov kimi xalqına çoxsaylı xidmətlər göstərmiş bir şəxsi heç olmasa doğum və anım günlərində rəhmətlə yad etmək həm də bir vəfa borcumuzdur.

Aslan Aslanovun 56 yaşı münasibətilə hazırlanmış videoroliki də təqdim edirik:

Mənbə: moderator.az