Müasir texnologiyalar nə qədər həyatımızın müxtəlif sahələrinə ayaq açsa da, hələ də tərəzidə aldatma kimi klassik satıcı “tələsi”nə düşmək mümkündür. Danılmaz faktdır ki, Azərbaycanın müxtəlif bölgələrində kütləvi bazarlarda qoyulan tərəzilər elektron olsa da, satıcılar tərəfindən müdaxiləyə məruz qalır.
Bəs görəsən birbaşa vətəndaşın cibinə girən, göz görə-görə vətəndaşları aldadan məhəllə satıcılarını belə olduğu halda hansı cəza gözləyir?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Moderator.az-a danışıb.
"İstehlakçıların hüquqlarının pozulması İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Belə ki, istehlakçıların hüquqlarının pozulmasına, yəni, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Burada “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.
Məbləğ 300 manatdan yuxarı olduqda isə bu, artıq cinayət məsuliyyətinə səbəb olur. Belə ki, Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
Eyni əməllər, təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə isə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddədə “xeyli miqdar” dedikdə, üç yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür".
Mənbə: www.bakupost.az