Avropanın ən qədim qəzetlərindən biri NZZ-nin 240 yaşı tamam olub

Avropanın ən qədim qəzetlərindən biri NZZ-nin 240 yaşı tamam olub

Sürix, 14 fevral, AZƏRTAC

Bu günlərdə İsveçrənin “Neue Zürcher Zeitung” (Yeni Sürix qəzeti) nəşrinin 240 yaşı tamam olub.

AZƏRTAC xəbər verir ki, İsveçrənin hələ də nəşr edilən ən yaşlı, Avropanın isə ən qədim qəzetlərdən biri olan, almandilli məkanda NZZ kimi məşhurlaşan dərgi 1780-ci ilin yanvarında təsis edilib. İlk vaxtlarda Sürixdəki yerli xəbərləri diqqətdə saxlayan “Züryzitig“ (yerli dialektdə “Sürix qəzeti”) 1821-ci ildən indiki adı ilə nəşr olunur.

Media landşaftında bir çox dəyişiklik, yenilik və innovasiyalara sinə gərən NZZ hazırda “Frankfurter Allgemeine Zeitung“, ”Süddeutsche Zeutung” kimi yüksəkkeyfiyyətli jurnalistikanı təmsil edən mətbu orqanları sırasında yer alır.

Yarandığı gündən indiyədək 1,9 milyon səhifəsi çap olunan NZZ ölkədə və regionda ictimai-siyasi həyat, iqtisadiyyat, elm-təhsil, eləcə də dünya üzrə xəbərləri öz dəst-xətti ilə oxucularına təqdim edir. Mühafizəkar üslubu ilə seçilən qəzeti jurnalistlər öz arasında zarafatyana “qoca xala” da adlandırırlar.

Gündəlik 111 min tirajla nəşr olunan NZZ, eyni zamanda, İsveçrənin ən böyük qəzetidir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Sürix

Mənbə: azertag.az