Yol polisi Gəncədə hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi qeyri sabit hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Dövlət Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, sürücülük təcrübəsi az olan sürücülər belə havada avtomobil idarə etməməlidirlər.

R. Zalov bildirib ki, sürücülər yağışlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Həmçinin sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır: “Hər bir sürücü avtomobilin işıq sisteminə, şüşə silənlərinin sazlığına diqqət yetirməlidir. Əks halda qəzalar qaçılmazdır”.

Şöbə rəisi sürücülərin nəzərinə çatdırır ki, yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməlidirlər. Eyni zamanda, zərurət olmadan sürücülərin ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər, eləcə də kəskin tormozlama etməmələri tövsiyə olunur: “Hazırda həmin ərazilərdə Dövlət Yol Polis İdarəsinin əməkdaşları nizamlayıcı qismində xidmət aparır. Sürücülər buna da diqqət yetirməli, nizamlayıcının göstərişlərinə uyğun hərəkət etməlidirlər”.

Şöbə rəisi yağışlı hava şəraitində sakinləri daha çox ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğanla Putin bu gün görüşür

SONRAKI XƏBƏR

Tanınmış aktyor vəsiyyətini yazdı