Koronavirusla əlaqədar Çinin Uxan şəhərinə və şəhərdən kənara səfərlərin təxirə salınması tövsiyə olunub

Koronavirusla əlaqədar Çinin Uxan şəhərinə və şəhərdən kənara səfərlərin təxirə salınması tövsiyə olunub

Çinin Uxan şəhərində aşkarlanan koronavirusun yeni ölümcül növünün (2019-nCoV) yayılmasının qarşısını almaq üçün Uxan şəhərinə və şəhərdən kənara səfərlərin təxirə salınması tövsiyə olunub.

AZƏRTAC xəbər verir ki, Uxan şəhərinin meri Cou Sianvan Çin Mərkəzi Televiziyasına müsahibəsində belə bir çağırış edib. O, bu yolla virusun yayılmasının azaldılmasına nail olunacağına inandığını deyib.

Uxanda məsələ ilə əlaqədar yaradılmış xüsusi qərargaha da rəhbərlik edən mer, xəstəliklə mübarizə istiqamətində tədbirlərin genişləndirildiyini bildirib, dəmir yolu və avtobus vağzallarında, hava limanında, şəhərin bütün giriş-çıxış məntəqələrində sərnişinlərin bədən temperaturunun ölçüldüyünü deyib.

Virusun yayılmasının qarşısını almaq üçün şəhərdə geniş dezinfeksiya işləri həyata keçirilir, əhaliyə tibbi maskalar paylanılır. Şəhərin bütün giriş-çıxış məntəqələrində ev və vəhşi heyvanları gətirən və aparan avtomobillər yoxlanılır. Şəhərdəki bütün ictimai nəqliyyat vasitələri hər gün sterilizasiya edilir. Virusa yoluxmanın çoxalma ehtimalını nəzərə alan şəhər səhiyyə komissiyası xəstəxana və tibb müəssisələrində 2000 çarpayı ayırıb.

Şəhər rəhbərliyi qrup turist səfərlərini dayandırıb, Çin Yeni il ilə əlaqədar Uxanda nəzərdə tutulan şənlikləri təxirə salıb.

Qeyd edək ki, dekabrın 31-də Uxan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. Həkim və mütəxəssislərin araşdırmaları nəticəsində sətəlcəmə koronavirusun indiyədək bilinməyən növünün səbəb olduğu müəyyən edilib. İlkin mərhələdə virusa yoluxanların əsas hissəsi şəhərdəki dəniz məhsulları və ət bazarında çalışanlar və oranın daimi müştəriləri olub. Ümumilikdə, Çində bu virusa yoluxanlar ya Uxan sakinləri, ya da son günlər şəhərdə səfərdə olanlardır. Ölüm hallarının hamısı isə Uxanda baş verib. Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Qao Funun yanvarın 22-də verdiyi açıqlamada virusun Uxan şəhərindəki bazarda qanunsuz satılan vəhşi heyvanlardan yayıldığının güman olunduğunu deyib.

Mənbə: azertag.az