Əli Cəfərovun seçicilərlə görüşləri uğurla davam edir (FOTO)

Əli Cəfərovun seçicilərlə görüşləri uğurla davam edir (FOTO)

Əhali yolsuzluq, işsizlik, susuzluq problemlərinin həllinə kömək istəyir

Masallı rayon 70 saylı şəhər seçki dairəsindən millət vəkilliyinə namizəd, Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərovun seçicilərlə görüşləri uğurla davam edir. Millət vəkilliyinə namizəd artıq 10-dan yuxarı kənddə seçicilərlə görüşüb.

Əli Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, dairənin əhatə etdiyi Köçəkli, Qədirli, Xallıcallı, Məmmədxanlı, Həsənli, Qarğalıq və s. kəndlərinin ağsaqqalları və gəncləri ilə məsləhət xarakterli geniş müzakirələr aparıb, onların təkliflərini, arzularını dinləyib, problemləri ilə yaxından tanış olub. Namizəd görüşlərin məzmunundan çox razı qalıb. Belə ki, həm yaşlı nəslin, həm də gənc nəslin təmsilçiləri ilə müzakirələr zamanı onun yürütdüyü xətt – Azərbaycanda başlanan islahatlara dəstək vermək missiyası çox maraqlı və gərəkli bir addım kimi dəyərləndirilib. Eyni zamanda Əli Cəfərovun pensiyaların artırılması ilə bağlı irəli sürdüyü təkliflər planı və Qarabağ torpaqlarının işğaldan azad edilməsi istiqamətində müdafiə etdiyi məqsədyönlü siyasət yerli əhalinin ciddi marağına səbəb olub və alqışlarla qarşılanıb. Onlar Əli Cəfərovdan qeyd etdiyi bu istiqamətləri əsas prioritet kimi daim gündəmdə saxlamağı xahiş ediblər. Millət vəkilliyinə namizəd seçiləcəyi təqdirdə onların bu istəklərini reallaşdırmaq üçün bütün qüvvəsi ilə çalışacağına söz verib.

Millət vəkilliyinə namizədə Qədirli və Xallıcallı kəndlərində əsasən yolsuzluqdan əziyyət çəkdiklərindən, XXI əsrdə hələ də daşlı və torpaq yolların ümidinə qaldıqlarından, əvvəlki deputatlara dəfələrlə bu barədə deyilməsinə baxmayaraq, onların bu istiqamətdə ali icra orqanı qarşısında heç bir məsələ qaldırmadıqlarından gileyləniblər. Digər kəndlərdə isə işsizlikdən, su qıtlığından və s. əziyyət çəkdiklərini dilə gətiriblər.

Sabahdan etibarən Əli Cəfərovun dairənin ərazisində yerləşən digər kəndlər - Eminli, Kürdəbazlı, Şərəfə, Təklə, Yeddioymaq və başqa kəndlərin, eləcə də Masallı şəhərinin əhalisi ilə görüşlərinə start veriləcək. Hazırda namizədin seçki qərargahı və vəkilləri bu istiqamətdə ciddi fəaliyyət göstərirlər.

Mənbə: qaynarinfo.az