Ali Məhkəmədə MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüş olub

Ali Məhkəmədə MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüş olub

Yanvarın 22-də Ali Məhkəmənin sədri Ramiz Rzayev fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski və MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ramiz Rzayev seçkinin hər bir ölkənin ictimai-siyasi həyatında mühüm hadisə, eyni zamanda, vətəndaşların dövlətin və ictimai həyatın idarə olunmasında kütləvi iştirak formalarından biri olduğunu qeyd edib. Bildirib ki, seçkinin Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tələbinə, Avropa standartlarına uyğun aparılması dövlətimizin əsas məqsədlərindən biridir.

Ali Məhkəmənin sədri seçki hüquqlarının müdafiəsi, mübahisələrin məhkəmə aidiyyəti və bu sahədə məhkəmə təcrübəsi ilə bağlı fikirlərini açıqlayıb, seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər və onlara baxılması qaydaları barədə məlumat verib.

R.Rzayev vurğulayıb ki, parlament seçkilərinin qanunvericiliyə uyğun şəkildə aparılması üçün Azərbaycan hakimiyyəti tərəfindən lazımi tədbirlər görülür. Atılan bütün addımlar seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, seçki mühitinin demokratikliyinə xidmət edir.

Nümayəndə heyətinin rəhbəri Viktor Quminski qeyd edib ki, onlar Azərbaycanda keçirilən seçki prosesini daim müşahidə edirlər. O, ölkəmizin bu sahədə böyük təcrübə qazandığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: azertag.az