AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib

AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Milli Məclisə seçkilər ərəfəsində beynəlxalq təşkilatların rəy və tövsiyələrini əks etdirən kitab nəşr edib.

AVCİYA-dan AZƏRTAC-a bildiriblər ki, “Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası (AŞPA), ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkiləri müşahidə missiyalarının, Avropa Şurası (AŞ) Venesiya Komissiyasının Azərbaycan Respublikasında keçirilmiş seçkilərlə bağlı RƏY VƏ TÖVSİYƏLƏRİ-Müqayisəli təhlil” adlı kitabda 2003-cü ildən indiyədək Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Qərb təşkilatlarının irəli sürdüyü rəy və tövsiyələr müqayisəli şəkildə təhlil edilib. Nəşrdə müxtəlif dövrlərdə seçkiləri müşahidə etmiş qurumların bəyanatlarında səslənən iradlar da araşdırılıb. Qeyd olunur ki, “Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə 7, ATƏT/DTIHB 2008-ci ildə 27, 2010-cu ildə 17, 2013-cü ildə 20, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4 tövsiyə irəli sürüb. Təhlil göstərir ki, bu tövsiyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tövsiyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyələrin əksəriyyəti əvvəlki tövsiyələrin təkrarından ibarətdir”.

Kitabda, həmçinin göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisi Avropa Şurasının Venesiya Komissiyası, bir sıra yerli və beynəlxalq təşkilatlar tərəfindən verilən tövsiyələri də nəzərə almaqla 2008-ci il iyunun 2-də Azərbaycan Respublikası Seçki Məcəlləsinin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişiklik edilib.

Kitab AVCİYA-nın Prezidenti Elxan Süleymanovun məsləhəti və dəstəyi ilə işıq üzü görüb. Nəşrin müəllifi AVCİYA Seçki Qərargahının rəhbəri, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı, redaktoru isə AVCİYA-nın birinci vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayevdir.

Mənbə: azertag.az