Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi məqsədilə ictimai dinləmə keçirilib

Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi məqsədilə ictimai dinləmə keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsində ekoloji rəyin alınması - tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə icraçıları, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislərin iştirak etdikləri ictimai dinləmələrdə idarəyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunub, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilib.

Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov ictimai dinləmədə müzakirəyə çıxarılan layihələr barədə məlumat verib və Bakı şəhərində pilot layihələr əsasında aparılan tikinti işlərinin əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldiyini qeyd edib.

“Köhnə evlərin sökülüb, yerinə yeni yaşayış binalarının salınması ilə əlaqədar nazirliyə təqdim olunan pilot layihələr zamanı bəzi ağaclar tikinti altına düşdüyündən onların bir qisminin köçürülməsinə, köçürülməsi mümkün olmayanların isə götürülməsi məsələlərinə baxılır. Nazirlik sahibkarları da başa düşür və onların işlərinin gecikməsinin tərəfdarı deyil. Çünki nəticədə köhnə binalar yeniləri ilə əvəzlənir, şəhərimiz daha da gözəlləşir. Lakin bu məsələdə fərdi deyil, kompleks yanaşma olmalıdır. Ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır”, - deyə M.Qəmbərov qeyd edib.

İdarə rəisi onu da bildirib ki, nazirlik sahibkarlara yeni inşa etdikləri binaların həyətində yaşıllıq salmaları üçün ağaclar verməyə də hazırdır. Çünki qanunvericiliyə əsasən, tikinti üçün ayrılan ərazilərin ən azı 25 faizi yaşıllıq sahəsi olmalıdır.

İctimai dinləmə zamanı pilot layihələr əsasında tikinti işləri aparan iş adamları yaşıllıqların mühafizəsində maraqlı olduqlarını bildirib, ağacların köçürülməsi zamanı qoyulan tələblərə mütləq əməl edəcəklərini diqqətə çatdırıblar.

Tədbir iştirakçıları, mütəxəssislər ekoloji məsələlərin həllinə dair təkliflər verib, belə ictimai dinləmələrin əhalinin ekoloji maarifləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər. İrəli sürülən təkliflər arasında köçürülən ağacların yeni əraziyə adaptasiyası, onlara mütləq aqrotexniki qulluğun aparılması üçün şirkətlərin öhdəlik götürmələrinin vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, ictimai dinləmədə Xırdalan şəhərində “AZZA” Qapalı Səhmdar Cəmiyyətinin qida fabrikinin tikilməsi, “Ağcabəditaxıl” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən taxılçılıq təsərrüfatının yaradılması, Yuxarı Şirvan kanalının yenidən qurulması ilə əlaqədar layihələr, o cümlədən SOCAR tərəfindən aparılan qazıntı zamanı şlamların idarə olunması, karxanaların fəaliyyəti zamanı qanunvericilik hallarının gözlənilməməsi məsələləri də müzakirəyə çıxarılıb.

Mənbə: azertag.az