Yaşlı insanlar emosional intellektin inkişafı üzrə məşğələlərə cəlb edilib

Yaşlı insanlar emosional intellektin inkişafı üzrə məşğələlərə cəlb edilib

Bakıda yaşlı insanlardan ibarət bir qrup şəxs üçün emosional intellekt mövzusunda seminar keçirilib və onlar emosional intellektə dair praktik məşğələlərə cəlb olunublar. BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində təşkil edilən tədbirin açılışında nazirliyin və Əhali Fondunun, habelə layihənin icraedici tərəfdaşı olan “Üçüncü Bahar” İctimai Birliyinin nümayəndələri çıxış ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihənin yaşlıların rifahına, daha sağlam və müstəqil həyat sürmələrinə, fəal iştirakçılıq imkanlarına malik olmağına dəstək məqsədi daşıdığı vurğulanıb. Qeyd edilib ki, fəal yaşlanma və ahılların fəal iştirakçılığının təşviqi istiqamətində məlumatlandırma kampaniyası da həyata keçirilir. Əhalinin yaşlı təbəqələri ilə mütəmadi məlumatlandırma görüşləri təşkil olunur və onlarda fəal iştirakçılığa maraq artırılır.

Sonra peşəkar kouç Elçin Əzimlinin təqdimatında aparılan sessiya zamanı iştirakçılara emosional intellekt, onun əhəmiyyəti barədə məlumat verilərək bildirilib ki, emosional intellekt – stressdən azad olma, effektiv ünsiyyət və empatiyaya əsaslanan münasibətlərin qurulması, çətinliklərin öhdəsindən gəlmə, gərgin vəziyyətlərdə sabit əhvalın saxlanması məqsədilə emosiyaların idarə və ifadə edilməsi bacarığıdır. Emosional intellekti inkişaf etdirməklə fərdlərarası münasibətlərdə özünəinamın gücləndirilməsinə, toplumda olmaqdan qaynaqlanan narahatlıq və qorxunun aradan qaldırılmasına, lüzumsuz utanmaya səbəb olan psixoloji maneələrin aşılmasına və ünsiyyət bacarıqlarının artırılmasına nail olmaq mümkündür.

Tədbir daha sonra emosional intellektə dair praktik məşğələlərlə davam edib.

Qeyd edək ki, “Fəal Yaşlanma” layihəsi BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən layihə pensiya yaşına çatmış şəxslərin ömürlərinin sonrakı hissəsində də fəal və sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici və inklüziv tədbir və proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində ölkənin ilk Fəal Yaşlanma İndeksinin hazırlanması, yaşlı əhali ilə ölkə boyu ictimai görüşlərin keçirilməsi, fəal yaşlanma ilə bağlı maarifləndirmə və təşviqat işlərinin aparılması, ahıllar üçün nəzərdə tutulmuş bir sıra fəaliyyətlərin (kompüter kurslarının təşkili, səsli kitabların və elektron kitabxananın yaradılması, sosial çağrı mərkəzinin istifadəyə verilməsi və s.) həyata keçirilməsi də nəzərdə tutulur.

2019-2021-ci illəri əhatə edən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”), Dövlət Statistika Komitəsi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və “Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilir.

Mənbə: azertag.az