"Bakıda hər gün 10 nəfər dəm qazından zəhərlənir" SƏSSİZ VƏ RƏNGSİZ TERROR

"Bakıda hər gün 10 nəfər dəm qazından zəhərlənir" SƏSSİZ VƏ RƏNGSİZ TERROR

Bu günlərdə sosial şəbəkələrdə Bakıda dəm qazından kütləvi zəhərlənmələrlə bağlı məlumatlar yayılıb. Bildirilir ki, son 1 gündə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə diaqnozu ilə 40-50 nəfər gətirilib.

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov virtualaz.org-a bildirib ki, bir gün əvvəl dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya 12 nəfər gətirilib. Onlardan ikisi bir ailənin üzvləridir. Baş həkim müraciət edənlərin vəziyyətlərinin ağır olmadığını deyib: "Havalar soyuyandan hər axşam 10 -a yaxın müraciət olur. Aralarında zəhərlənməyənlər də var, məsləhətlərimizi verib evə göndəririk. Bu aylarda xəstəxanada dəm qazı zəhərıənməsindən ölüm olmayıb".

A.Maqsudov zəhərlənmələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarını gözləməyi, zəhərlənmə zamanı dərhal həkimə müraciət etməyi tövsiyə edib: "Bölgələrdən gətirilənlər yoxdur, müraciət edənlər Bakının rayonlarındandır”.

Qeyd edək ki, son illər dəm qazından zəhərlənmələrlə bağlı vəziyyət pisləşib. Hətta bu problem Milli Məclisdə də qaldırılmışdı. Deputat Elmira Axundova demişdi ki, “Azəriqaz” İstehsalat Birliyi yeni qaz xətləri çəkərkən sayğacların quraşdırılması ilə yanaşı abunəçilərin evlərinə dəm qazı detektorları quraşdırmalıdır. Ancaq bu təklif həyata keçirilməyib.

Onu da xatırladaq ki, hər gün dəm qazı zəhərlənməsindən ən azı bir nəfər ölür.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Mənbə: virtualaz.org