Suriyada vətəndaş müharibəsinin son vaxtlar yenidən alovlanması və bu ölkənin Hələb şəhərinin əldən-ələ keçməsi Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarını da gündəmə gətirib. Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir.
Maraqlıdır, Azərbaycan şairi İmadəddin Nəsiminin böyük dağıntılara məruz qalmış Hələb şəhərindəki məqbərəsi də ziyan çəkibmi? Ümumiyyətlə, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustasının məzarı ökəmizə gətirilə bilərmi?
Mövzu ilə bağlı “Cebheinfo.az” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, institutun “Nəsimi qrupu”nun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva bildirib ki, İmadəddin Nəsiminin məzarının silə bağlı fikirlər cəfəngiyyatdır. Onun sözlərinə görə, hazırda İmadəddin Nəsiminin məzarı məscidin həyətində yerləşir: “Bu məsələ dəfələrlə gündəmə gəlib, mən də bunun əleyhinə çıxışam. Müharibə olacaq və bitəcək. Nəsiminin məzarının Azərbaycana gətirilməsi absurd fikirdir. Bu gün Nəsiminin məzarının Azərbaycana gətirilməsinə nə ehtiyac var? Onun oğlunun və qohumlarının məzarı oradadır. Nəsiminin həyatı Hələbdə keçib. Nə İslam əxlaqı baxımından, nə də tarix baxımından bu, doğru deyil”.
Sabir Rüstəmxanlı
Xalq şairi Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bir neçə il öncə də Nəsiminin məzarının Bakıya gətirilməsi haqqında məsələ qaldırılmışdı. Həmin vaxt da mənim fikrim belə idi ki, vəfat edənləri narahat etmək, yəni bir məzardan çıxarıb, ayrı məzara aparmaq düzgün deyil. Nəsimi orada doğulub, orada yaşayıb, ailəsi də oralardadır. Ona görə də məzarı da orada qalmalıdır. Yəni ömrünün müəyyən hissəsini Hələbdə yaşayıb, faciəvi sonluğu da orada çatıb. Hələbdə Nəsiminin məzarını ziyarət etmişəm. Orada hətta onun nəslindən olan insanlar da yaşayır. Ona görə də məzarına toxunmaq lazım deyil. Əsas odur ki, onun canlı xatirəsi bu gün Azərbaycanda yaşayır. Heykəli var, kitabları nəşr olunur və hər bir azərbaycanlının qəlbində xüsusi yeri var. Sanki onun məzarı Bakıdadır. Nə fərqi var? Məncə, yerdəyişmə haqqında düşünmək lazım deyil”.
Rəsul Mirhəşimli
Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli hesab edir ki, Nəsimi kimi dahi şairin nəşinin Azərbaycana gətirilməsi həm şairin xatirəsinə hörmət, həm də Azərbaycanın mədəni irsinin qorunması baxımından böyük əhəmiyyət kəsb edir: “Nəsimi yaradıcılığı müasir Azərbaycan ədəbiyyatşünaslığının ən önəmli tədqiqat mövzularındandır. Bu baxımdan, Nəsiminin nəşinin Azərbaycana gətirilməsi şairin irsinə sahib çıxmağımızla yanaşı, onun məzarının da təhlükələrdən azad edilərək, dincliyə qovuşmasına səbəb olacaq. Bu hadisə Azərbaycan mədəniyyətinin dünyaya nümayiş etdirilməsi baxımından da mühüm bir addım ola bilər. Nəticə etibarilə, İmadəddin Nəsiminin məzarının Azərbaycana gətirilməsi şairin irsinin mədəni və tarixi əhəmiyyətini qorumaq üçün vacibdir. Artıq Suriyada Bəşər Əsəd rejimi devrilib. Bundan sonra Suriyada hadisələr hansı istiqamətdə inkişaf edəcək, bu barədə dəqiq nəsə söyləmək mümkün deyil. Bu ölkədə baş verə biləcək münaqişələr tarixi və mədəni abidələri də təhlükə altına salır. Elə yaxın keçmişdə İŞİD-in Yaxın Şərqdə əraziləri ələ keçirməsindən sonra tarixi və dini abidələri xüsusi barbarlıqla dağıtması faktları var. Bu səbəbdən qəti demək olmur ki, Nəsiminin məzarının salamat qalmaq ehtimalı nə qədərdir. Görünən budur ki, Suriyada qanlı hadisələr hələ davam edəcək. Bu da Nəsiminin məzarını dağıdılmaq təhlükəsi ilə üz-üzə qoya bilər. İslam dini də təhlükə altında olan məzarların köçürülməsini qadağan etmir. Nəsiminin məzarının yerli müvafiq orqanlarla koordinasiyalı şəkildə Azərbaycana köçürülməsi mümkündür. Nəsimi zəngin ədəbi irsə malik şair olmaqla yanaşı, Şərq fəlsəfi məktəbinin görkəmli nümayəndəsidir. Onun şeirləri və fəlsəfi düşüncələri yalnız Azərbaycan ədəbiyyatına deyil, ümumilikdə Şərq ədəbiyyatına böyük təsir göstərib. Nəsimi xüsusilə İslam mistisizmi və həqiqətin axtarışı sahəsindəki dərindən düşündürən əsərləri ilə tanınır. Təəssüf ki, onun Suriyanın Hələb şəhərində yerləşən məzarı təhlükə altındadır, bu da ciddi narahatlıq doğurur. Nəsiminin məzarının Azərbaycana köçürülməsini təklif edən vətəndaşlarımız da bu təhlükənin doğura biləcəyi nəticələrdən narahat olaraq şairin nəşinin ölkəmizə gətirilməsini istəyirlər. Suriyanın əlverişsiz siyasi şəraiti Nəsiminin məzarının qorunmasında çətinliklər yaradır, bu da Azərbaycanda onun nəşinin gətirilib, doğulduğu torpağa tapşırılması məsələsini gündəmə gətirir.
Hesab edirəm ki, Nəsiminin məzarının Azərbaycana köçürülməsi üçün müvafiq qurumlar əməli işə başlamalı, bu məsələnin həlli üçün bütün imkanlardan istifadə etməlidir".
Rəsul Mirhəşimlinin fikrincə, məsələnin həlli üçün Türkiyənin vasitəçiliyi önəmli rol oynaya bilər: “Bu razılıq əldə edildikdən sonra din xadimlərinin iştirakı ilə məzarın köçürülməsini təmin etmək mümkündür”.
Mənbə: www.musavat.com