“Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil olunub

“Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil olunub

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına “Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təlimdə Dövlət Miqrasiya Xidmətində qulluğa yeni qəbul olunmuş 20-yə yaxın şəxs iştirak edib.

Tədbirdə dövlət qulluğunda etik qaydaların əhəmiyyəti və tətbiqi məsələləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, dövlət qulluğunda subyektiv amillərə əsaslanaraq hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verilməməsi, dövlət qulluqçusunun etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına və dövlət qulluğuna ictimai etimadın artırılması, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması diqqətə çatdırılıb. Təlimdə dövlət qulluğunda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və digər məsələlər müzakirə olunub.

Təqdimatdan sonra etik davranış qaydaları ilə əlaqədar praktik tapşırıqlar verilib və iştirakçılar tərəfindən həll edilib.

Təlim Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən aparılıb. Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Mənbə: azertag.az