“Qan verməmişəm, çünki qan azlığım var”- SORĞU

“Qan verməmişəm, çünki qan azlığım var”- SORĞU

Könüllü qan vermək kiminsə həyatını xilas etmək deməkdir. Avstraliyalı Ceyms Xarrison kimi 1173 dəfə qan verən birisi ilə yanaşı qanvermənin nə olduğunu belə bilməyən insan da az deyil. Bəzən qanvermə aksiya halında reallaşır, tibb işçiləri hansısa biznes mərkəzin, nəhəng marketin və dövlət müəssisəsinin daxilində qanın qəbulunu təşkil edirlər. Kimsə qoşulur, kimsə də yox.

Open.az “Qanvermə aksiyalarında iştirak edirsinizmi” sualı ilə Bakı sakinlərinə müraciət edib.

Leyla Abbasova, psixoloq

- Heç vaxt qan verməmişəm, çünki qan azlığından əziyyət çəkirəm. Özümə güclə çatır, vermək istəyərdim, amma özümə ziyan ola biləcəyini bilirəm. Qan verməyin insan sağlamlığına faydalı olduğunu bilirəm. Qanı artırır və təmizlənməsinə kömək edir. Zərəri haqqında da bilirəm. Mənim kimi insanlar və hamilə qadınlar qan verə bilməz.

İlahə Mehrablı, müəllim

- Heç vaxt qan verməmişəm, çünki qan azlığım var, talassemiya daşıyıcısıyam, qan versəm, gərək özümə qan vurula. Xeyri haqqında bütün məlumata sahibəm, çünki bacım oğlu talassemiya xəstəsidir, onun yanında gedib qalıram qan institutunda. Məlumatım var.

Ofeliya Nəsirova, evdar qadın

- Qan verməmişəm indiyə kimi, amma vermək istəyərəm. Xəstələri görəndə ürəyim ağrıyır. Heç bir məlumatım yoxdur zərəri və xeyri haqqında. Yəqin xeyri olar, nə ziyanı ola bilər ki?!

Yaşar Nəsirov, təqaüdçü

- Cavanlıq illərimdə olub bir-iki dəfə, amma neçə ildir qan vermirəm. Qarşıma qana ehtiyacı olan insan çıxmayıb. İstəyən olsa, verərəm qan əlbəttə ki. Zərərini bilmirəm, amma xeyirlidir, onu bilirəm.

Məsim Mikayılov, müəllim

- Xeyr, qanvermə aksiyasında iştirak etməmişəm. Televiziyada maarifləndirmə çox azdır bu sahədə. İndiyə kimi bu barədə eşitməmişəm. Əgər maariflənsək, çox insan xilas olar, biz də bilərik ki, qanımızı hara və kimə veririk. Xeyir və zərəri haqda heç nə bilmirəm.

Samirə Rüstəmova

- İndiyə kimi qan vermək barəsində düşünməmişəm. Məncə, xəstəliyi olan insanlar qan verə bilməz. Kiməsə kömək olursa, bunu da xeyir saymaq olar. Yəqin insan orqanizmində qan təzələnir. Kiməsə lazım olsa, qan verə bilərəm.

Natəvan Sultanova

- Qan verməmişəm, çünki qan azlığım var. Elanları görmüşəm, amma qanım az olduğuna görə verə bilməmişəm. Ruha xeyri var, fiziki bədənə xeyri haqda məlumatlı deyiləm.

Ülviyyə Qurbanova, evdar xanım

- Mən qan verməmişəm indiyə kimi, amma istəmişəm verim. Qanım çox aşağıdır deyə icazə verməyiblər.

Şahnaz Hüseynli, evdar xanım

- Qan verməmişəm, səhhətimdə problem var, həkim icazə vermir. Xeyri bu ola bilər ki, qanda yağın, xolesterinin miqdarı aşağı düşür, ürək xəstəliyinə tutulma riski 90% azalır, bədən gəncləşir, bütün hüceyrələr yenilənir.

Əgər səhhətə ciddi problem yoxdursa, qanvermənin heç bir zərəri yoxdur. Qanvermədən sonra müvəqqəti başgicəllənmə, ürəkbulanma, tərləmə halları olur.

Emil, iş adamı

- Qan 1 dəfə vermişəm, o da Aşurada.

Coşqun Əliyev, tələbə

- Təhsil aldığım müddətdə 2 dəfə qanvermə aksiyasında qan vermişəm, 1 dəfə də Ramazan bayramı aksiyasında qan vermişəm. Tanıdığım insanlar olmayıb. Əsas xeyri mənəvi tərəfidir. Fiziki tərəfdən yanaşsaq, qan hüceyrələri yenilənir, qan durulur. Zərəri o ola bilər ki, diqqət etmək lazımdır xəstə insanın qanı başqalarına keçməsin.

Sorğuya 11 nəfər qoşulub. 24 -60 yaş arası olan Bakı sakinlərindən 3-ü qanvermə aksiyasında iştirak edib. Yerdə qalan 8 nəfər isə xəstəlik və məlumatsızlıq səbəbindən qan vermədiyini bildirib.

 

Mənbə: open.az