Udmurtiya Milli Kitabxanasında Azərbaycan guşəsi yaradılacaq

Udmurtiya Milli Kitabxanasında Azərbaycan guşəsi yaradılacaq

Bakı, 20 fevral, AZƏRTAC

Beynəlxalq əməkdaşlıq çərçivəsində Udmurtiya Milli Kitabxanasında 2020-ci ildə Azərbaycan guşəsinin yaradılması planlaşdırılır.

Rusiya Federasiyası Udmurt Respublikasının Milli Kitabxanası 2018-ci ilin payızında 100 illik yubileyini qeyd edib. Elə həmin ildən Udmurt Milli Kitabxanası Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası ilə əlaqələr qurmuş və iki kitabxana arasında beynəlxalq əməkdaşlığı genişləndirməyə başlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Udmurt Milli Kitabxanasına göndərilmək üçün Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, milli adət-ənənələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ulu öndər Heydər Əliyev həsr olunmuş kitablar, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət haqqında, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən zəngin kitab kolleksiyası toplanıb. Kolleksiyaya, həmçinin uşaq ədəbiyyatı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəşr olunmuş “Dünya ədəbiyyatı kitabxanası” seriyasından da maraqlı kitablar daxil edilib.

Yaxın zamanlarda Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 80 adda 102 kitab Udmurtiya Milli Kitabxanasına göndəriləcək.

Mənbə: azertag.az