Bütöv olan hərbçi valideynlər, yarım qalan övladlar - Yerdəyişmənin zərərçəkənləri

Bütöv olan hərbçi valideynlər, yarım qalan övladlar - Yerdəyişmənin zərərçəkənləri

Onların ümumi vəzifəsi var; dövlət sevgisi ilə bütünləşmək.

Bəzən bu bütünlük yaxınlarının yarım qalması ilə nəticələnsə də, onların yalnız "A" seçimi olur: əmrə tabe olmaq!

Hərbi qulluqçuları deyirik... Onların əksəriyyəti valideyndirlər. Təyinatlarından asılı olaraq müxtəlif ərazi dəyişməli olurlar. Bu da birbaşa övladlarının dəfələrlə məktəb dəyişməsinə səbəb olur. Bu yerdəyişmə uşaqlara necə təsir edir?

Klinik psixoloq Afaq Əmirli "MediaPost"a açıqlamasında məsələyə aydınlıq gətirib:

"Yerdəyişməyə münasibət uşağın xarakterindən, temperamentindən asılı olan məsələdir. Elə uşaqlar var ki, onlar öyrəşdikləri mühiti dəyişməyi psixoloji olaraq pis keçirillər. Bu, adətən, daha həssas, həyəcana və təşvişə meyilli uşaqlarda olur. Bəzən onların bir müəllimə öyrəşməsi üçün bir il, ya da illər lazım gəlir. Birinci sinfə gedən şagird tədris ilinin sonunda müəlliminə öyrəşməyə başlayır. Yaxud da əksinə, sinif yoldaşları ilə dil tapmaqda çətinlik çəkirlər. Bu cür uşaqlara təbii ki, yerdəyişmə mənfi təsir göstərəcək. Amma elə uşaqlar var ki, onlar daha möhkəm xarakterli olurlar. Onlar üçün yeni ünsiyyət qurmaq, tanışlıq yaratmaq daha maraqlı olur. Həmişə yeni münasibətlərə həvəslidirlər. Bu, onlara mənfi təsir göstərmir".

Afaq xanım kiçik yaşlı uşaqların tez-tez yerdəyişməsini arzuolunan hesab etmir:

"Ümumilikdə, təbii ki, kiçik yaşlı uşaqların tez-tez yerdəyişməsi arzuolunan deyil. Çünki uşaqlarda müəyyən bağlılıq hissi olmalıdır, mövcud yerdə olduğu mühitə bağlılıq hissinin yaranması onlarda müəyyən bir stabilliyi yaradır.

Buna görə də onlar öz yaratdıqları münasibətlərdə məşğul olduqları işə bəlli stabilliyin yaranması üçün ətraf mühitdə də bəlli stabillik olmalıdır. Amma valideynin işi tez-tez mühit dəyişməkdən keçirsə, onda bu cür valideynlərə məsləhət görə bilərik ki, uşaqları ilə daha yaxın münasibətdə olsunlar.

Həyəcanını, təşvişini necə dəf edə biləcəklərini, yeni tanışlıqda düzgün ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək üzərində işləmək lazımdır. Buna görə də biz məsələyə fərdi baxmalıyıq".

 

 

Mənbə: sonxeber.az