COVID-19 koronavirusuna qarşı dərmanların sınaqlarının nəticələri 3 həftə sonra açıqlanacaq

COVID-19 koronavirusuna qarşı dərmanların sınaqlarının nəticələri 3 həftə sonra açıqlanacaq

COVID-19 koronavirusuna qarşı dərmanların sınaqlarının nəticələri 3 həftə sonra elan ediləcək. Çindən daxil olan məlumatlar yoluxma hallarının tədricən azaldığını göstərir. Lakin virus əvvəlki kimi çox təhlükəlidir və hazırda bir nömrəli təhdiddir. Görünür, dövlətlər bunu dərk etmirlər və yeni virusa qarşı mübarizəyə və onun əleyhinə vaksin hazırlanmasına vəsait ayırmağa tələsmirlər. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bunu fevralın 20-də Cenevrədə mətbuat konfransında Dünya Səhiyyə Təşkilatının başçısı Tedros Hebreyesus bildirib.

Fevralın 20-nə olan məlumata görə, Çində koronavirusa təqribən 75 min insan yoluxub, iki mindən çox adam bu xəstəlikdən dünyasını dəyişib, 26 ölkədə mindən çox yoluxma faktı qeydə alınıb. Yaponiyanın Yokoqama şəhəri limanında karantində saxlanılan “Diamond Princess” kruiz layneri ÇXR-in hüdudlarından kənarda xəstəliyin yayıldığı ən böyük ocaq olub.

DST-nin başçısı vurğulayıb ki, COVID-19 koronavirusunun yayılmasının qarşısını almaq olar, lakin bunun üçün operativ surətdə patogeni üzə çıxarmaq, virusun tədqiqinə, yayılmasının qarşısının alınmasına və yoluxmuş insanların müalicəsinə vəsait ayırmaq lazımdır. Beynəlxalq dəstək, xüsusən vaksinin hazırlanmasına dəstək də gücləndirilməlidir.

Mənbə: azertag.az