Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdədir.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində fevralın 19-da Şeyxülislam A.Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti 22-ci sessiyasının iclasında iştirak edib. Dünyanın ənənəvi dinlərinin nümayəndələrindən ibarət olan KAICIID Direktorlar Şurasının 9 üzvündən biri kimi A.Paşazadə iclasdan sonra bir sıra görüşlər keçirib, o cümlədən Səudiyyə Ərəbistanının “Salam” mədəniyyətlərarası əlaqələr üzrə gənclər təşkilatının üzvləri, habelə yerli ictimaiyyət nümayəndələri ilə görüşüb və kütləvi informasiya vasitələrinə müsahibə verib.

Fevralın 20-də İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud KAICIID Direktorlar Şurasının üzvlərini qəbul edib. Görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Kral Salman bin Əbdüləziz Al Səuda çatdırıb. Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, öz növbəsində, salam-dualarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Kral Salman bin Əbdüləziz Al Səud KAICIID Direktorlar Şurasının növbəti sessiyasinin Ər-Riyadda keçirilməsindən məmnunluq duyduğunu bildirərək, mərkəzin müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları arasında dialoqun möhkəmləndirilməsində, mötədillik və tolerantlıq dəyərlərinin təbliğində, radikalizm və terrorizmin müxtəlif formaları ilə mübarizədə rolunu yüksək qiymətləndirib.

Mənbə: azertag.az