Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunları tərəfindən maarifləndirmə tədbiri təşkil olunub

Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunları tərəfindən maarifləndirmə tədbiri təşkil olunub

Fevralın 24-də Fövqəladə Hallar Nazirliyinin (FHN) mülki müdafiə qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənclərin mülki müdafiə üzrə maarifləndirilməsi məqsədilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, şəhər təhsil idarəsinin kollektivinin, eləcə də şəhərdəki orta ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin “Şahinlər” komandalarının iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçılarına hərbi hissənin zabitləri tərəfindən mülki müdafiə haqqında nəzəri biliklər verilərək onlara təlim nöqtələrinin açılması, zərərçəkmişlərin xilas edilməsi, ilk tibbi yardımın göstərilməsi və sair bu kimi praktik tapşırıqlar verilib.

Tədbirə cəlb olunmuş məktəbli gənclər fərdi mühafizə vasitələri, mühəndis istehkam qurğuları ilə tanış olub və onlara bu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təbii fəlakətlərin və texnogen qəzaların tez-tez baş verdiyi müasir dünyada mülki müdafiə işinin, mülki əhalinin təxliyəsinin təşkil edilməsi, eləcə də zərərçəkmiş insanların mənəvi–psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə belə maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

Mənbə: azertag.az