Füzuli: uğurla gerçəkləşdirilən dövlət proqramları və layihələr davamlı inkişafı təmin etmişdir

Füzuli: uğurla gerçəkləşdirilən dövlət proqramları və layihələr davamlı inkişafı təmin etmişdir

Füzuli Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon yığıncağında ötən ilin sosial-iqtisadi inkişafına yekun vuruldu, cari ildə qarşıda duran vəzifələrin uğurla gerçəkləşdirilməsi ilə bağlı geniş müzakirə aparıldı. Məruzə və çıxışlarda 2019-cu ilin də samballı istehsal və quruculuq naliyyətləri ilə yaddaqalan olduğu, həyatın bütün sahələrində yüksəliş və artım əldə edildiyi vurğulandı.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsində bildirildi ki, son bir ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifahının yüksəldilməsinə yönəldilən qərarlar, həyata keçirilən tədbirlər bütün ölkədə olduğu kimi, cəbhəyanı bölgə olan Füzulidə də dinamik sosial-iqtisadi inkişafı təmin etmiş, dövlətin fəal dəstəyi ilə problemlərin həlli sürətlənmişdir. Gerçəkləşdirilən layihə və proqramlar minlərlə füzulili məcburi köçkün ailəsinin də sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynamışdır.
Son bir ildə Bakı şəhərində, o cümlədən respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan 500-dən artıq Füzuli köçkünü ailəsi mənzillərlə təmin edilmiş, işğal dövründə ərazidə yandırılmış və dağıdılmış onlarla mənzil əsaslı bərpa olunmuşdur. Bir il ərzində rayonun 100 min nəfərdən artıq əhalisinə dövlət büdcəsindən 62 milyon manata yaxın vahid aylıq müavinət ödənilmişdir. Bu ilin əvvəlinə əhalinin sayı 132,7 min nəfərə çatmış və 1,4 min nəfər artmışdır. Məşğul əhalinin sayı 61,2 min nəfər olmuşdur. İl ərzində rayonda 1545 yeni iş yeri açılmışdır. Orta aylıq əməkhaqqı 357,4 manat və ya ötən illə müqayisədə 42,3 faiz artmışdır.
2019-cu ildə rayonun makroiqtisadi göstəriciləri dinamik inkişaf etmiş, ayrı-ayrı sahələr üzrə istehsalın və xidmətin həcmi artmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir. Məhsul istehsalının ümumi həcmi 193,5 milyon manat təşkil etmiş, ötən ilə nisbətən 1,8 faiz artmışdır. Bunun 117,2 milyon manatı (60,5 faiz) istehsal, qalan 78,5 milyon manatı (39,5 faiz) xidmət sahələrinin payına düşür. Sənayedə 17,5 milyon (9 faiz), kənd təsərrüfatında 97,4 milyon (50,3 faiz), tikintidə 13,3 milyon (6,9 faiz), nəqliyyat və rabitədə 1,3 milyon ( 0,7 faiz), ticarətdə isə 64 milyon manatlıq (33,1 faiz) yeni dəyər yaradılmışdır.
2019-cu ildə sənaye məhsulunun (işin, xidmətin) həcmi 17,5 milyon manat olmuş, əvvəlki illə müqayisədə 6,5 faiz artmışdır. İl ərzində bütün maliyyə mənbələri hesabına 13, 5 milyon manat investisiya qoyulmuşdur. Pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5,9 milyon manat və ya keçən ilin müvafiq dövründəkindən 2,3 faiz çox olmuşdur.
Taxılçılar keçən il 37 min hektardan 90 min 251 ton buğda, 24 min 707 ton arpa əldə etmişlər. 800 hektar pambıq əkinindən isə 1629,5 ton məhsul yığılmışdır. Kümçülər ötən mövsümdə 50 tona yaxın barama yetişdirərək 450 min manatadək vəsait əldə etmişlər. 4 min tondan çox tərəvəz, 3 min 170 ton bostan məhsulu, 1872 ton kartof, 1421 ton meyvə 960 ton üzüm toplanmış, 2, 9 min ton ət, 2,8 min ton süd, 250 ton yun, 15 milyon ədəddən çox yumurta istehsal olunmuşdur. Keçən il rayonda 36 min 310 baş iri, 138 min 618 baş davar, 370 min baş ev quşları bəslənmişdir. Əhalinin ərzaq məhsullarına tələbatı yerli istehsal hesabına ödənilir və respublika bazarına bir sıra məhsullar da çıxarılır.
Rayon rəhbəri daha sonra bildirdi ki, “Azərxalça” ASC-nin Horadiz filialında toxunan Qarabağın tarixi xalça çeşniləri “Made in Azerbaijan” brendi altında artıq dünyanın müxtəlif ölkələrinə ixrac olunur. Rayonda yerli istehsalı artırmaq üçün imkanlar böyükdür. Cari ildə də kənd təsərrüfatının, yerli istehsalın inkişafına xidmət göstərən tədbirlər davam etdirilməlidir. Pambıqçılıq, baramaçılıq, şəkər çuğunduru və taxıl əkini, heyvandarlıq və digər kənd təsərrüfatı məhsullarının artımı hesabına əhalinin məşğulluğu təmin edilməli, respublikanın bazarlarına daha çox məhsul çıxarılmalıdır.
Yığıncaqda bildirildi ki, hesabat dövründə rayonda təhsil, mədəniyyət, səhiyyə, gənclər və idman sahələrində də müsbət nəticələr əldə edilmişdir. Əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi, qaz, içməli və suvarma suyu ilə təminatı sahəsində müəyyən işlər görülmüş, köhnəlmiş və sıradan çıxmış elektrik naqilləri, qaz və su boruları yeniləri ilə əvəzlənmiş, şor və dren kanalları təmizlənmişdir. Lakin görülən müsbət işlərlə yanaşı, həmin sahələrdə müəyyən problemlər hələ də qalmaqdadır.
Qəbul edilmiş qərarda göstərildi ki, 2020-ci ildə qarşıda həlli daha vacib olan bir sıra məsələ dayanır. Əhalinin həyat şəraitini daha da yaxşılaşdırmaq, kənar yerlərdə yaşayan məcburi köçkünlərlə əlaqə saxlamaq, onların qayğı və müraciətlərini vaxtında həll etmək üçün vəzifəli şəxslərin təşəbbüskarlığı və məsuliyyəti daha da artırılmalıdır. Bütün qüvvə və səyləri səfərbər etməklə ölkə Prezidentinin fərman, sərəncam və tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək cari ildə də Füzuli RİH-in qarşısında duran ən önəmli vəzifədir.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev iştirak edirdi.

Mənbə: xalqqazeti.com