Elmi seminar: Statik kod analizi vasitələrinin qiymətləndirilməsinə yanaşmalar

Elmi seminar: Statik kod analizi vasitələrinin qiymətləndirilməsinə yanaşmalar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Statik kod analizi vasitələrinin qiymətləndirilməsinə yanaşmalar” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni təqdim edən elmi müəssisənin magistrantı Gülnar Yaqublu proqram sistemlərinin layihələndirilməsi, yaradılması və istismarı zamanı yol verilən səhvlər nəticəsində çoxsaylı boşluqlar meydana çıxdığını bildirib. O, informasiya sistemlərinə icazəsiz giriş üçün bədniyyətlilərin bu boşluqlardan istifadə etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, boşluqların proqram təminatı yaradılarkən onun aşkarlanıb aradan qaldırılması zəruridir. Bu məqsədlə statik kod analizi alətlərindən istifadə olunur.

Məruzəçi statik kod analizi vasitələrinin qiymətləndirilməsi məqsədilə müxtəlif metodologiyalar olduğunu diqqətə çatdıraraq SAMATE (Software Assurance Metrics And Tool Evaluation) layihəsi barədə məlumat verib. Qeyd edib ki, gələcəkdə bəzi açıq kodlu statik kod analizi alətlərinin SAMATE metodikası və test bazası ilə yoxlanılması nəzərdə tutulur.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev dinamik kod analizi vasitələrinin də araşdırılmasını və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini tövsiyə edib.

Mənbə: azertag.az