Koronavirus sətəlcəmin yeni təhlükəli növüdür

Koronavirus sətəlcəmin yeni təhlükəli növüdür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı son vəziyyəti açıqlayıb. Məlumatda bildirilir ki, koronavirus xəstəliyinin (COVID-19) son 24 saatda yayıldığı ölkələrin sayında dəyişiklik yoxdur. Təsdiqlənmiş yoluxma hallarının sayı dünyada 79 min 348, Çində 77 min 42 nəfər təşkil edib, 2 min 615 ölüm halı (3,2%) qeydə alınıb. Çinin xaricində isə 1769 yoluxma halı, 28 ölkədə 17 ölüm halı aşkarlanıb. Həmçinin ÜST və Səhiyyə Nazirliyinin Çində yeni koronavirusun səbəb olduğu sətəlcəmin alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair tövsiyələri hələ də qüvvədədir.

Ötən il dekabrın 31-də Çinin Hubei əyalətinin Uhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar olunmasından 10 gün sonra Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Onu da qeyd edək ki, Uhanda aşkarlanan virus ABŞ, Sinqapur, Cənubi Koreya, Tailand, Avstraliya, Nepal, Fransa, Almaniya və İran da daxil olmaqla azı 29 ölkəyə yayılıb.
Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir. Müayinələr zamanı bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub. Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Bununla bağlı çoxlu iddialar var. Xəstəliyin simptomları soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyir: başağrısı, halsızlıq, öskürək, hərarətin yüksəlməsi. Virus daha çox yaşlı və immuniteti zəif olan insanlara təsir edir, inkubasiya dövrü 14 gündür və bu müddətdə onun başqasına keçmək ehtimalı var. Virusa yoluxanlar əzələ ağrısından və tənəffüs problemindən, ürək bulanmasından, diareyadan şikayətlənirlər. Koronavirusa hava-damcı yolu ilə, asqırıq və öskürək vasitəsi ilə, çirkli yerlərə toxunmaqla da yoluxmaq ehtimal olunur. Ona görə də bir yerə toxunduqdan sonra əlin ağıza, buruna və gözə vurulması təhlükəlidir. Profilaktika məqsədi ilə əllərin tez-tez yuyulması məsləhətdir.
Ölkəmizdə virus qeydə alınmasa da aşağıdakı qabaqlayıcı tədbirlərə əməl etmək tövsiyə olunur: Xəstəlik müşahidə edilən ölkələrə səfər etməyin. Kəskin respirator infeksiyalarına yoluxan insanlarla təmasdan çəkinin. Xəstəlik simptomu müşahidə olunanlar ağız-burunlarını maska və ya dəsmalla bağlamalıdırlar. Narahatlıq hissi yarandıqda, dərhal həkimə müraciət etmək lazımdır. İnsanların gur olduğu yerlərdə ehtiyatlı olmaq və dezinfeksiyaedici vasitələr gəzdirmək tövsiyə edilir.
Sosial şəbəkələrin müsbət tərəfi hamıya məlumdur. Hadisə barədə anında xəbər tutmaq, lazım olan informasiyanın daha çox insana ötürülməsini təmin etmək, daha tez və ətraflı məlumat almaq və s. Bunun zərərli tərəfləri isə sadalamaqla bitmir. Elə bu xəstəliklə bağlı çoxlarının video şəklində və adi xəbər halında yaydığı, əsası olmayan “filan qədər xəstə filan xəstəxanadadır”, “xəstələrin sayını gizlədirlər”, “bizdə o virusu təyin edən laboratoriya yoxdur” və s. bu kimi məlumatlar əhalinin çaşqınlığına səbəb olur, vahimələndirir. Hamını bir sual narahat edir: “Görəsən yazılanlar düzdürmü?”
Ölkəmizdə adi insanların və hətta bəzən səriştəsiz həkimlərin də koronavirusla bağlı yaydıqları belə xəbərlər insanlar arasında psixoloji vahimə yaratsa da, deməliyik ki, vətəndaşlarımız əsası olmayan xəbərlərə yox, mütəxəssislərin fikirlərinə və rəsmi məlumatlara etibar etsinlər. Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev yayılan şaiyələrin və iddiaların əsassız olduğunu deyir. O, Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasının bütün növ qrip viruslarının təyin etmək imkanına malik olduğunu bildirir: “Bu stansiyada bütün qrip növlərini təyin etmək üçün beynəlxalq standartlara uyğun laboratoriya var. Həmin laboratoriyada dünyanın ən böyük ölkəsi olan ABŞ-ın Müdafiə Departamenti həm bu, həm də digər məsələlərlə bağlı treninqlər keçir. Necə yəni Azərbaycanda bu virusları təyin etmək üçün laboratoriya yoxdur? Həkimlərə, məsləkdaşlarıma böyük hörmətim var. Amma adam bilmədiyi halda, insanların psixologiyasına təsir edən “bizdə heç o virusu aşkar edə bilən laboratoriya yoxdur ” fikrini necə iddia edə bilər? Əgər onlar deyirlərsə ki, yoxdur, mən də bütün məsuliyyətimlə deyirəm ki, var! Və həmin laboratoriyada müasir tələblərə cavab verən hər cür şərait var. Dünyanın hər hansı bir yerindəki müayinə və tədqiqatların aparılması bizim laboratoriyada da mümkündür. Həmin stansiyaya giriş xüsusi buraxılışladır. Kimin şübhəsi varsa, Səhiyyə Nazirliyinin xüsusi şöbəsindən icazə alıb laboratoriyada ola bilər. Doğru olan odur ki, 2006-cı ildə Azərbaycanda sözügedən qrip növlərini təyin etmək mümkün deyildi. Nümunələri Londona, Birləşmiş Ərəb Əmirliklərinə göndərirdik. Amma Allaha şükür ki, indi bütün şərait və imkanlara malik laboratoriyamız var və bütün növ virusları orada təyin etmək mümkündür”.
Hazırda Azərbaycanda sanitar epidemioloji vəziyyət xüsusi nəzarətə götürülüb, aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçiblər. ÜST Azərbaycanın müvafiq qurumları ilə daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar yetərincədir. Yaxın qonşumuzda– İranın Qum şəhərində koronavirusun yayılması və ölüm faktlarının olması səbəbindən ölkəmizdə daha ciddi ehtiyat tədbirləri görülməsinə başlanıb. Sərhəd-keçid məntəqələrində, hava limanında dezinfeksiya işləri aparılır. Ölkəyə gələn hər bir vətəndaş ciddi yoxlanılır, bir sözlə sanitar kordon gücləndirilib.
Koronaviusla bağlı profilaktik tədbirlər bütün sahələrdə aparılır. Ölkə ərazisində şagirdlərin kompakt cəmləşdiyi təhsil müəssisələri də bu tədbirlərdən kənarda qalmayıb. Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə koronavirusla bağlı müvafiq tapşırıqlar verib. Tapşırıqda deyilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan, nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb. Qeyd olunan vəziyyət nəzərə alınaraq, ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsinə nəzarət artırılıb. Həmçinin, ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi, tibb kabinələrinin zəruri tibbi ləvazimatlarla, dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına ciddi nəzarət edilir. Ümumi təhsil müəssisələrində müvafiq qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılması tapşırılıb.
Bəs görəsən bu tapşırıqlar ümumtəhsil müəssisələrində koronovirusa yoluxmanın qarşısını almaq üçün yetərlidirmi? Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev məktəblilərin virusa yoluxmasının qarşısını almaq üçün qəbul edilən bu qərarın vacib olduğunu deyib. Həmçinin bildirib ki, bunlarla yanaşı, ehtiyatı da əldən vermək olmaz: "Məktəblərdə sanitar-gigiyenik vəziyyətə həmişə əməl olunmalıdır. Çünki məktəblər uşaqların ən kompakt cəmləşdiyi müəssisədir. Şagirdlər günün bir hissəsini təhsil müəssisəsində keçirir, öz yoldaşları ilə ünsiyyətdə olurlar. Bu baxımdan, əllərin daim təmiz saxlanılması vacib şərtdir. Əl daha tez çirklənir və virus əl vasitəsilə keçir".
N.Quliyev onu da vurğulayıb ki, ən önəmli profilaktik tədbir xəstə uşaqların məktəbə buraxılmamasıdır. Məktəblərdə tibb bacıları mütləq şəkildə vizual nəzarət aparmalıdırlar. Hərarəti olan, halsız, öskürüb-asqıran uşaqlar məktəbə buraxılmamalıdır. Əks halda digər şagirdlərin yoluxması mümkündür. Viruslar əsasən hava-damcı və təmas yolu ilə keçir. Amma bununla belə virusdan tam qorunmaq mümkün deyil. Çinin təcrübəsi göstərdi ki, körpə uşaqlar bu virusu yüngül keçirir. Bununla belə, tam arxayınlaşmaq olmaz. Koronavirus Azərbaycanda qeydə alınmasa da, məktəblilərin səhhəti daim evdə valideyn, məktəbdə tibb bacıları tərəfindən nəzarətdə saxlanılmalıdır.
Müşahidələrimə əsasən son olaraq onu qeyd etmək istəyirəm ki, bu günlər məktəblilərin valideynləri gigiyena ilə bağlı sanki səfərbər olublar. İndi valideyn tərəfindən məktəbə gedən hər uşağın çantasına istifadə etdiyindən əlavə maska, əllərin tez-tez dezinfeksiya edilməsi üçün pulverizatorlu spirt və digər gigiyenik vasitələr və yuyucu məhlullar qoyulur. Kimsə vahiməyə düşməsin. Ötən illərdə yayılan “quş qripi”, “donuz qripi”, “A tipik pnevmaniya” və digər yoluxucu xəstəliklərin necə ötüb keçdiyini xatırlayın.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com