Kəlbəcərə qovuşan RUH

Kəlbəcərə qovuşan RUH

Aqil CAMAL

Onu ilk dəfə televizorda görmüşdüm – Kəlbəcərdə,1989-90-larda. 13-14 yaşım vardı. Parlamentin (o zaman Azərbaycan SSR Ali Sovetinin) iclasları canlı yayınlanırdı. Camaat televizorda görəndə “Kolanı Məcidin oğludu” deyirdi…
1990-ın martında Bakıda yaxın qohumumuzun toyunda canlı gördüm. Ağ gödəkçədə, kəmərində də tapancası… Çıxış edəndə, yenə adamlar “Kolanı Məcidin oğludu, İsgəndərdi” deyirdi. 20 Yanvara görə SSRİ daxili işlər naziri Bakatinə salam verməkdən imtina etməsindən 2 ay keçmişdi… Yenicə məşhurlaşırdı.
Sonra – 1992-ci ildə Kəlbəcərdə gördüm. Daxili işlər naziri kimi ermənilərdən azad edilmiş Ağdərə yolu ilə Kəlbəcərə gəlmişdi. Əynində hərbi səhra geyimi, ağ “Mersedes”lərin müşayiətilə (Elə “Mersedes” də ilk dəfə Kəlbəcərə gəlirdi)…
Sonra Bakıda gördüm – Kəlbəcər işğal edilmiş, o, istefaya getmişdi…
Sonra Qobustan həbsxanasında gördüm – Məhkəməsində.
Sonra azadlıqda…
Bu günsə Sulutəpə qəbristanlığında…
İsgəndər Həmidov – kimin üçünsə nazir, partiya lideri, istiqlalçı millət vəkili, iqtidarçı, müxalifətçi… mənim üçün özü boyda bir Kəlbəcər idi. Yaşayan, yeriyən bir Kəlbəcər parçası. Bu gün o parçanı Sulutəpədə torpağa dəfn etdik…
Adətən, dəyərli insanlar həyatdan gedərkən “Ruhumuz Tanrı dağlarında görüşər” deyirəm. Bu gün İsgəndər bəyə “Dəlidağda, Murovda, Keytidə, Qoçdaşda… görüşərik” dedim.
Ruh bədəni tərk edəndən 3 gün sonra olduğu yeri tərk edir, deyirlər. Qəti əminəm ki, İsgəndər bəyin ruhu elə bu gündən, bu andan viran Kəlbəcərin ənginliklərində dolaşır. Və bizləri də oraya səsləyir.
Ulu Tanrıdan İsgəndər bəylə bağlı tək təmənnam işğal altında olan torğaqlarımızın, külli Qarabağın, Kəlbəcərin azadlığıdır. Bu olmayınca, bizlərə nə Rəhmət var, nə Cənnət.

Mənbə: turkustan.info