“Qırmızı qar” – İlqar Rəsulun Xocalı hekayəsi

Xocalı soyqırımının xatirəsinə…

Qaçır, qaçır, qaçır…

“İndicə çatacaqlar!” − bir az da bərk qaçır. Qaçır, qaçır, qaçır…

Sanki getdikcə çoxalır qovanların sayı, dişlərini qıcayıb gəlirlər arxadan…

“Yəqin, güllə atmırlar ki, məni diri tutsunlar”, − düşünür, qaçır. “Bu heç öldürüb zorlamalı gözəl deyil. Bir də ki, nə qədər ölü zorlamaq olar axı!” − səs eşidir arxadan, qaçır…

Bəlkə, sifətindən iyrənib əl çəkərlər deyə, dodaqlarını çeynəyə-çeynəyə qaçır, qaçır, qaçır…

Ayaq səsləri lap yaxınlıqda eşidilir. “Ay Allah, indicə tutacaqlar!” − gödəkçəsini çıxarıb atır, qaçır…

Ayağının altında hər dəfə budaq sınanda bir az əvvəl avtomatın qundağı balaca qardaşının başına dəyərkən eşitdiyi səs düşür yadına, qaçır, qaçır….

Sifətini qarşısına çıxan budaqlara, kollara sürtə-sürtə qaçır. Bəlkə, qandan ürpənib toxunmadan öldürərlər deyə…

Arxadan ona uzanan əllərin təmasını hiss edir. Ayaqqabılarını çıxarır. Hə, belə bir az da bərk qaça bilir, qaçır, qaçır…

Atasının son nəfəsində qışqırtısı yadından çıxmır: “Qaç, özünü qayadan at!”

“Burada qaya yoxdur ki, hər tərəf meşəlikdir”, − ardı-arası kəsilmədən pıçıldayır, qaçır, qaçır…

Arxadan boynunda nəfəs hiss edir. Ayağı ilişir, yıxılır, dərə aşağı yumalanır. Dizi daşa dəyib parçalanır. Qar qırmızı rəngdədir…

“Hanı bəs qaya?! Qaya haradadır?!” – qışqırır. Corablarını çıxarır: “Hə, belə bir az daha bərk qaçar”, − düşünüb ayağa qalxır, qaçır, qaçır…

Arxadan qovanların gülüşünü eşidir, “Nə çoxdular!” − pıçıldayır…

Kimsə tanış ləhcə ilə: “Birinci mən”, – deyir…

− Heç yerdə qaya yoxdur! Bəs indi mən nə edim?! Hansı tərəfə qaçım?! Yox, ola bilməz, atam buraları yaxşı tanıyırdı!…

Yenə qaçır. Arxaya baxmır ki, qovanların mənfur sifətini görməsin. Yoxsa qorxudan qaça bilməz. Qaçır, qaçır…

Anasını atasının gözünün qabağında zorlayıb, sonra ikisini də necə öldürdüklərini xatırlayır. Atasının kəsilmiş başı haradansa qışqırır: “Qaç, özünü qayadan at!” Ağlayır. Bir az da bərk qaçır.

− Bəs qaya haradadır?! Qaya yoxdur!.. Yox, atam dedisə, deməli, var.

Qaçır, qaçır…

− Bilsəydim, belə olacaq, onlar ot tayasına od vuranda elə oradaca qalıb yanardım! − ağlayır, qaçır…

Qonşu gəlinin qarnındakı uşağı xatırlayır:

− Tifil o soyuqda süngünün ucunda dondu, yəqin. Yaxşı ki, mən hamilə deyiləm. Yaxşı ki, heç ərə də getməmişəm…

Qaçır, qaçır…

Axır ki, tutdular. Saçları onu ələ verdi. Bir əli ilə paltarının yaxasını, o biri ilə tumanının ətəklərini yığır ki, soyundura bilməsinlər…

…Yox, tutmayıblar. Ağac budağıymış. Qırıldı. Bəlkə də, üstünə xəlvətcə sevdiyi əsgərin adını yazdığı ağac idi. Yanından keçəndə saçlarını oxşamaq istəyib onun əvəzindən, bir az kobud alınıb. Axı o yazığı da öldürdülər!.. Qaçır…

− Qar niyə belə istidir? Yəqin, kəndin istisidir. Yanırdı axı…

Qaçır, qaçır, təpəyə dirənir…

− Diki qalxmaq lazımdır. Yəqin, təpənin o tərəfi qayadır, − deyə sevinir.

− Şükür. Atam düz deyirmiş, − ta ağlamır. Dizləriüstə qaçır. Səslər iki addımlığındadır…

− Bircə tutmasınlar! Lap az qalıb, bircə tutmasınlar!

Yumalanır təpənin dibinə. Sinəsini kötük parçalayır…

− Yaxşı oldu, bir az da xoşlanmazlar məndən! − qalxıb özünü yenə təpəyə tərəf atır, qaçır…

− Bəs niyə yıxılanda tutmadılar?! Allahım, sağ ol! Onları da yormusan, demək…

Ayaqları tumanının ətəkləri kimi cırıq-cırıqdır. Amma ta təpənin üstündədir. Nəfəsini dərmək istəyir. Kiminsə boğazından yapışdığını duyur. Kürəyi isinir. Nənəsinin belindəki qaynar samovarı xatırlayır:

− Yox, bu qədər əziyyətdən sonra olmaz bu! Yalnız bir necə addım…

Yalvarmaq istəyir. Çoxlu səs eşidir. “Birinci mən”, “birinci mən”… Canını qurtarmaq üçün əllərini boğazına atır…

…Yaylığıymış onu boğan. Tutmayıblar. Açır. Dərindən nəfəs alır. Özünü təpənin qurtaracağına çatdırır. Burada qaya yoxdur…

Yanlış tərəfə qaçıb əvvəldən, indi anlayır… Daşın üstündə oturur. Bir qaşı çapılıb gözünün üstünə sallanır. Elə bilir, telidir. Dirsəyi ilə geri itələyir. Əlləri çapıq-çapıqdır… Üzünü olmayan dizlərinə qoyur. Saçlarının, kirpiklərinin, qulaqlarının, burnunun ucundan, çənəsindən, sinəsindən süzülən qan getdikcə çoxalıb barmaqlarından, ayaqlarının parça-parça olmuş ətindən, paltarının ətəklərindən qarın üstünə damcılayır…

Səslər artıq başının üstündədilər. Getdikcə çoxalırlar. Gülüş, söyüş, bağırtı, tanış olan yad dildə mahnılar…

− Eh, neynirsiz edin, yoruldum!.. Amma yox, öldürün, sonra nə istəyirsiniz, edin, − içində yalvarır…

…Başını qaldırır. Ətrafda heç kim yoxdur. Kənddə beyninə dolan səslər qovurmuş onu…

− O, bakirədir! Onu kəndin digər qızları kimi zorlaya bilmədilər!..

Sevinir. Ayağa qalxır. Gülür, rəqs edir. Haradansa hündir bir qaya peyda olur. Lap hündür…

− Şükür sənə, Allahım! Qayamı da gətirdin… Atam yalan deməzdi…

Üstünə çıxıb özünü atır… Uçur, uçur, uçur… Göydən qırmızı qar yağır…

Bakı, 24 fevral, 2012

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Rusiya XİN ölkə vətəndaşlarını İran, Koreya və İtaliyaya səfər etməməyə çağırıb

SONRAKI XƏBƏR

Yırtıcı heyvan əlini dişlədi - Rekord sayda əməliyyat keçirdi - FOTO