Baş epidemioloqdan koronavirus açıqlaması: “Epidemiyanın burada yox, Gürcüstanda aşkarlanması...”

Baş epidemioloqdan koronavirus açıqlaması: “Epidemiyanın burada yox, Gürcüstanda aşkarlanması...”

“İrandan Azərbaycan ərazisindən keçərək, Gürcüstana gedən vətəndaşında koronavirus epidemiyasının Azərbaycan ərazisində yox, Gürcüstanda aşkarlanması xəstəliyin gizli dövrdə olması ilə bağlıdır”.

Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev bildirib.

Onun sözlərinə görə, xəstəliyin aşkarlanması üçün laboratoloji üsulla diaqnoz qoymaq mümkündür:

“Hər gün gömrük-sərhəd keçid məntəqələrindən çoxlu sayda insan keçir. Sərhədi keçənlərdən hər kəsdə xəstəliyin gizli dövrü olmur. Bu, bir-iki nəfərdə ola bilər. Gürcüstan vətəndaşında da virusun aşkarlanması epidemiyanın gizli dövrü ilə bağlıdır.

Müəyyən müddətdən sonra əlamətlər özünü büruzə verib və Gürcüstan sərhədində aşkarlanıb. Bu xəstəliyin aşkarlanması üçün laboratoloji üsulla diaqnoz qoymaq mümkündür”.

Baş epidemioloq qeyd edib ki, Azərbaycanda koronavirus epidemiyası yoxdur:

“Heç bir şəxsə bununla bağlı diaqnoz qoyulmayıb. Azərbaycan dövləti heç bir yoluxucu xəstəliyi gizlətməyib, gizlətməyəcək də. Gizlətməyə heç bir əsas yoxdur. Biz xalqın düşməniyik ki, ölkə ərazisində xəstəlik baş verdikdə, bunu gizlədək?

Ölkədə Ümumdünya Səhiyyə Təkilatının və digər təşkilatların nümayəndəlikləri var. Onlar da bu barədə məlumat verirlər. Yoluxucu xəstəliklərlə mübarizə aparmaq üçün lazım olan avadanlıqlarımız var”.

Qeyd edək ki, fevralın 26-da Gürcüstanda koronavirusa ilk yoluxma halı aşkar edilib. Həmin şəxs İrandan Azərbaycan ərazisindən keçərək, Gürcüstana daxil olub.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az