Koronavirus: Səudiyyə Ərəbistanı zəvvarlara qadağa qoyub, bəs, İranda vəziyyət necədir?

Koronavirus: Səudiyyə Ərəbistanı zəvvarlara qadağa qoyub, bəs, İranda vəziyyət necədir?

Səudiyyə Ərəbistanı Məkkə və Mədinə kimi müqəddəs şəhərlər də daxil olmaqla dini ziyarətə gələn xariciləri ölkəyə buraxmayacaq.

Hər il milyonlarla zəvvar bəlli bir vaxt ərzində bu ölkəyə Həcc ziyarətinə, ilin müxtəlif vaxtlarında isə bir çox zəvvar da Ümrə ziyarətinə gedir.

Xarici ziyarətçilərin ölkəyə buraxılmaması iyulun sonlarında başlayacaq Həcc ziyarətinə təsir edib-etməyəcəyi məlum deyil.

Səudiyyə Ərəbistanı koronavirusun yeni yayıldığı ölkələrdən gələn qonaqlara da maneə yaradıb.

Səudiyyə Ərəbistanında koronavirusa yoluxma halı qeydə alınmayıb.

Bu arada İranda koronavirusa (Covid-19) yoluxma hallarının sayı getdikcə artır. Tənqidçilər İran hökumətini virusla mübarizə aparmaq imkanlarının yoxluğunda günahlandırırlar.

İranda neçə nəfər koronavirusa yoluxub?

İran hökuməti ən son məlumata görə, koronavirusdan ölənlərin 19, bu virusa yoluxanların isə 139 nəfər olduğunu bildirib. Ancaq əslində virusdan ölən və ona yoluxanların sayının söyləndiyindən daha çox olduğu ehtimal edilir.

İranda virusdan ölüm faizi 14 faizdir, bu isə qlobal səviyyədən çox yüksəkdir - bəzi epidemioloqlar isə bu sayın daha çox ola biləcəyini bildirirlər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə günü vəziyyəti qiymətləndirmək və yardım məqsədi ilə həftəsonu İrana bir qrup göndərəcək.

Karantin tətbiq olunubmu?

İran Prezidenti Həsən Ruhani şəhərlərdə, ayrı-ayrı məhəllələrdə karantin tətbiq etməyi planlaşdırmadıqlarını bildirib.

Virusun ilk yayıldığı Qum şəhərində türbələr hələ də fəaliyyət göstərir və onların bağlanılması ilə bağlı təlimat verilməyib.

İran-Azərbaycan sərhədi bağlıdırmı? Astarada vəziyyət necədir?Azərbaycanda koronavirusun yayılma təhlükəsi varmı?

İran hökuməti əhaliyə vacib olmadıqca böyük toplantılara qatılmamağı və Qum şəhərinə səyahət etməməyo tövsiyə edib.

Tehran polisi kafe və çayxanalarda qəlyan istifadəsini qadağan edib.

Virusun tapıldığı əyalətlərdə məktəblər və universitetlər bağlanıb, idman müsabiqələri, film nümayişləri və digər tədbirlər ləğv edilib.

AFP xəbər agentliyi bildirir ki, İran polisi internetdə koronavirusla bağlı yalan xəbər yaymaqda ittiham olunan 24 nəfərin saxlandığını, 118 nəfərə isə xəbərdarlıq edildiyini bildirib.

İranda yetəri qədər tibbi ləvazimat və üz maskası varmı?

ÜST İrandakı tibb personalına diaqnostik alətlər və qoruyucu ləvazimatlar verib.

İran Səhiyyə Nazirliyi ÜST-ün indiyədək bu ölkəyə 4 dəfə tibbi yardım etdiyini bildirib. Bir çox İran sakini tibbi ləvazimatların tapılmamasından gileylidir.

İranda bir ləvazimat idxalçısı ABŞ sanksiyaları səbəbiylə diaqnostik ləvazimatlar ala bilmədiyini deyib.

İran Tibbi Ləvazimatlar İdxalçıları Birliyinin idarə heyəti üzvü Ramin Fallah İlna xəbər agentliyinə "Bir çox beynəlxalq şirkət İrana koronavirus testi gətirməyə razıdır, ancaq biz ödənişi etmək üçün pul göndərə bilmirik" deyib.

ABŞ hökuməti isə sanksiyaların İranın tibbi ləvazimat əldə etmək imkanlarını daraltması ilə bağlı iddialarını rədd edir və bu ləvazimatların insani ehtiyaclar kateqoriyasına aid olduğunu bildirib. İran isə ABŞ sanksiyalarını pozmaqdan çəkinən bankların ödəmələri qəbul etməməsinə görə şirkətlərin ödəmələrini həyata keçirməkdə çətinlik çəkdiklərini bildirib.

Bir çox ölkədə olduğu kimi İranda da əhalinin tibbi maska, dezinfeksiyaedici gel və sprey satın ala bilmək üçün əczaxanaların qarşısında uzun növbələr yaratdığı bildirilir.

Bu məhsulların qiymətləri isə 10 dəfəyə qədər artıb.

Sosial mediada isə İranda tibbi maskanın çatışmazlığının səbəbini bu ölkənin Çinə 3 milyon maska bağışlaması ilə əlaqələndirənlər var.

Yerli media Çin şirkətlərinin İrandan çoxlu üz maskası satın aldığını, bunun da İranın daxili bazarlarında qıtlıq yaşanmasına səbəb olduğunu yazır. İran hökuməti fabriklərə üz maskası istehsalını artırmağı tapşırdığını və və maska ixracatını üç aylığa dayandırdığını bildirib.

İranlıların səyahət etmələrinə məhdudiyyət qoyulubmu?

İran ölkəxaricinə səyahəti qadağan etməyib, ancaq Türkiyə, Pakistan və İraq sərhədləri bağlayıb.

Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri İrana uçuşları dayandırıb. Bunlar İranın neftdən başqa digər ixrac məhsulları üçün önəmli ölkələrdir. Sərhədlərin bağlanması və tətbiq olunan məhdudiyyətlər İran iqtisadiyyatına pis təsir edə bilər.

İran hökuməti isə fevralın 2-dən Çinə uçuşları dayandırdığını bildirsə də, uçuş cədvəlləri İranla Çin arasında həmin tarixdən indiyədək 9 uçuşun həyata keçirildiyini göstərir.

Koronavirusun Avropada yayılma mənzərəsi: rəqəmlərdə

Avropada təsdiqlənmiş yoluxma halları ilə bağlı fevralın 26-na olan göstəricilər belədir:

Italiya - 400

Almaniya - 21

Böyük Britaniya - 13

Fansa - 12

Avstriya - 2

Xorvatiya - 2

İspaniya - 2

Rusiya - 2

Danimarka - 1

Belçika - 1

Finlandiya - 1

İsveç - 1

İsveçrə - 1

Yunanıstan - 1

Norveç - 1

Gürcüstan - 1

Şimali Makedoniya - 1

Mənbə: www.bbc.com